...

Əli Həsənov: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan qurumların fəaliyyətsizliyi nəticəsində hələ də həll yolu tapılmır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyul 2014 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iyulun 2-də İsrailin Azərbaycandakı səfiri Rafael Harpazı qəbul edib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycanla İsrail arasında bütün sahələr üzrə qarşılıqlı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğu vurğulanan görüşdə əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın real durumu, onların problemlərinin həlli istiqamətində dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamlara və verdiyi tapşırıqlara uyğun olaraq görülmüş işlərdən söhbət açıllb.

Lakin eyni zamanda münaqişənin Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində hələ də həllini tapmadığından, problemin həlli ilə məşğul olan qurumların və dövlətlərin fəaliyyətsizliyi, problemin həllinə ikili mövqedən yanaşmaları nəticəsində ədalətsizliyin baş alıb getdiyindən, bütün bunlardan isə daha çox qaçqın və məcburi köçkünlərin əziyyət çəkdiyindən təəssüfləndiyini bildirən Baş nazirin müavini onu da diqqətə çatdırıb ki, bütün bunlara baxmayaraq, Azərbaycan Prezidenti, Azərbaycan xalqı münaqişənin dinc yolla, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır.

Ümumiyyətlə, münaqişənin həlli yolları ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılan görüşdə ATƏT-in Minsk qrupunun fəaliyyətində ötən müddət ərzində heç bir irəliləyiş əldə olunmamasından, işğalçı Ermənistana lazımi təzyiq göstərilməməsindən, bir milyondan çox qaçqın və məcburi köçkünün iyirmi ildən də çoxdur ki, tapdanmış hüquqlarının bərpasına laqeyd münasibətdən narahatlıq ifadə olunaraq bildirilib ki, İsrail Azərbaycanın haqlı mövqeyini beynəlxalq aləmdə daim dəstəkləməklə münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olub və bu gün də həmin mövqedən çıxış edir.

Öz növbəsində, Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirən israilli diplomat bütün bunların şahidi olduğunu və ona Dövlət Komitəsi sədrinin müavinlərinin müşayiəti ilə Dərnəgül tələbə şəhərciyindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 2 saylı yataqxanasında və Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış hündürmərtəbəli yaşayış binaları kompleksi, burada yaradılan şəraitlə, real vəziyyətlə yerində tanış olmaq üçün həmin ərazilərdə məskunlaşan məcburi köçkünlərlə görüşünə şərait yaradıldığına görə minnətdarlığını bildirib, bu cür görüşlərin vaxtaşırı keçirilməsinin vacibliyini önə çəkib. Keçirdiyi görüşlərdə xüsusilə Azərbaycan qadınının dəyanətinin, dözümlülüyünün, sabaha inamının bir daha şahidi olduğunu bildirən diplomat yaxın aylarda digər ərazilərdə məskunlaşan məcburi köçkünlərlə də belə görüşlərin keçirilməsinə şərait yaradılmasını xahiş edib.

Ə.Həsənov ölkəmizdəki məcburi köçkünlərin həyat tərzi ilə yaxından maraqlandığına görə israilli diplomata təşəkkürünü bildirib, bu cür görüşlərin həqiqətən mühüm önəm daşıdığını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti