Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Elmira Tariverdiyeva/
Qarabağ münaqişəsində gərginliyin güclənməsi və həlak olanların sayının artması qeyri-sabitliyi artırır. Trend-in məlumatına görə, bu barədə İsveçin xarici işlər naziri Karl Bildt öz mikrobloqunda yazıb.
Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digər kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Son günlər ərzində ermənilərin kəşfiyyat-təxribat qruplarının Azərbaycan SQ postlarına hücumları nəticəsində 13 azərbaycanlı hərbi qulluqçu həlak olub, bir neçə nəfər yaralanıb. Ermənilər daha çox itki versələr də bu faktı ictimaiyyətdən gizlətməyə çalışırlar.