...

Pensilvaniya ştatının Nümayəndələr Palatası Xocalı faciəsi ilə bağlı xüsusi qətnamə qəbul edib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2015 07:46 (UTC +04:00)
Pensilvaniya ştatının Nümayəndələr Palatası Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar xüsusi qətnamə qəbul edib.
Pensilvaniya ştatının Nümayəndələr Palatası Xocalı faciəsi ilə bağlı xüsusi qətnamə qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Dünyanın 16-cı ən geniş iqtisadiyyatı hesab olunan Pensilvaniya ştatının qanunverici orqanı tərəfindən Xocalı qətliamını pisləyən HR 109 saylı qətnamə layihəsi qəbul edilib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Trend-ə bildiriblər ki, başda Nümayəndələr Palatasının üzvü Heri Ridşou (Harry Readshaw, D) olmaqla, ştatının 16 nümayəndəsinin həm-müəllifliyi ilə hazırlanmış qətnamədə Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş qanlı cinayət pislənir və erməni silahlı birləşmələri tərəfindən yerli əhaliyə qarşı etnik təmizləmənin həyata keçirildiyi vurğulanır.

Sessiyada, eyni zamanda Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Sevinc Fətəliyeva və Asim Mollazadə, ARDNŞ-nın vitse-prezidenti Xaliq Məmmədov, eləcə də Hyustonda fəaliyyət göstərən Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundova və Azərbaycanın ABŞ-dakı Səfirliyinin əməkdaşları iştirak etmişlər. İclasın gedişatında azərbaycanlı millət vəkilləri və digər qonaqlara ştata səfər etdikləri və qanunverici orqanın iclasında qonaq qismində iştirak etdikləri üçün Nümayəndələr Palatasının spikeri tərəfindən minnətdarlıq ifadə edilmişdir.

Xocalı qətliamının 23-cü ildönümünü və onun qurbanlarını anan qətnamə layihəsi (HR 109) sessiya zamanı ilk oxunuşdan mütləq səs çoxluğu ilə (198/0) qəbul edilərək, spiker və sənədin əsas müəllifi konqresmen Heri Ridşou tərəfindən Azərbaycan nümayəndə heyətinə təqdim edilmişdir.

Sessiya sonrasında ştatın Kapitoliya binasında "Azərbaycanın Dostları Assambleyası"-nın ("AFAZ") təşkilatçılığı ilə Xocalı qətliamının anım mərasimi keçirilmişdir. Mərasimdə çıxış etmiş millət vəkilləri Sevinc Fətəliyeva və Asim Mollazadə Xocalı qətliamının Azərbaycan xalqının yaddaşında yeri barədə məlumat vermiş və bunu insanlığa qarşı cinayət kimi qiymətləndirmişlər.

Tədbirdə, eyni zamanda Nümayəndələr Palatasının 14 üzvü (Harry Readshaw, David Millard, Vanessa Lowery Brown, Mark Cohen, Tim Hennesey, Margo Davidson, James Roebuck Jr., Paul Costa, Ronald Waters, Rick Saccone, Sue Helm, Chris Sainato, Karen Boback, Eddie Day Pashinski) çıxış etmiş, bu hüznlü gündə Azərbaycan xalqının yanında olduqlarını ifadə etmişlər. Qətnamə layihəsinin əsas müəllifi nümayəndə Heri Ridşou çıxışı zamanı erməni silahlı birləşmələrinin Xocalıya hücum etdiyini və Ermənistan-Azərbaycan münaqişəsi tarixində dinc əhalinin ən böyük qətliamını həyata keçirdiyini bildirmişdir. Bir sıra nümayəndələr Azərbaycanın bütün geosiyasi risklərə rəğmən belə, ABŞ-a etibarlı müttəfiq olmasını qeyd edərək, bu anım mərasiminə qatılmağı özlərinə mənəvi borc bildiklərini vurğulamışlar. Çıxışlar zamanı Azərbaycanın ABŞ üçün vacib və strateji tərəfdaş olduması barədə fikirlər səsləndirilmiş, bu münasibətlərin gələcək də inkişafına dəstək ifadə olunmuşdur.

Sonda Səfirliyin əməkdaşı Natiq Baxışov çıxış edərək Pensilvaniya ştatının qanunverici orqanının Xocalı qətliamını pisləyən və onun qurbanlarının xatirəsini anan qətnaməni qəbul etməsi ilə bağlı Azərbaycan tərəfinin təşəkkürünü ifadə etmişdir.

Pensilvaniya ştatına səfər zamanı Azərbaycan nümayəndə heyəti ştatın vitse-qubernatoru Mayk Stak (Mike Stack) ilə də görüş keçirərək Xocalı qətliamı ilə bağlı məlumat verməklə yanaşı, ABŞ-Azərbaycan münasibətlərinə dair də müzakirələr aparmışlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti