...

Azərbaycanın Ermənistana yeganə güzəşti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Sentyabr 2015 22:00 (UTC +04:00)
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdü
Azərbaycanın Ermənistana yeganə güzəşti

Azərbaycan xəbərlər xidməti
Mətanət Əliyeva - Trend:


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdü.

Azərbaycan dövlətinin mövqeyini açıqlayan nazir erməni həmkarıyla bu dəfə nəzərə çarpacaq dərəcədə sərt, kəskin, qəti danışdı.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir daha qəti olaraq açıqladı. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına əsaslanan mövcud status kvonun qəbuledilməz olduğunu deyən nazir ölkəsinin torpaqların işğalı ilə heç zaman barışmayacağını bəyan etdi.

İki nazir arasında görüş sərhəddə ermənilər tərəfindən törədilən təxribatçı aktın - qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhəddi boyunca vəziyyətin gərginləşdirilməsi hadisəsi ilə üst-üstə düşdü. Bu, təbii ki, təsadüf ola bilməz. Olay ermənilərin öncədən müəyyən edilmiş zamanda reallaşdırdıqları növbəti təxribat idi. Təxribat məhz danışıqlar prosesinə xələl gətirmək məqsədi güdür. Çünki Ermənistanın əsl məqsədi təcavüz və işğalın davam etdirilməsidir.

Münaqişənin həlli üçün Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulmalı və işğal olunmuş ərazilərdən Ermənistanın silahlı qüvvələri çıxarılmalıdır. Yalnız bu halda Azərbaycan ordusu silahlarını susdura bilər.

Azərbaycanın Ermənistana yeganə güzəşti odur ki, hələlik münaqişənin həlli üçün danışıqlar prosesində iştirak edir. Nazir Elmar Məmmədyarovun da qeyd etdiyi kimi, danışıqlar nəticəsində Azərbaycan əraziləri işğaldan azad olunmazsa, Azərbaycan dövləti tərəfindən ölkənin ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının təmin edilməsi üçün bütün zəruri addımlar atılacaq.

Bu gün müharibənin təkrar başlamaması, bir daha qanların tökülməməsi üçün Ermənistanın Azərbaycanın ona etmiş olduğu güzəştindən faydalanmaq şansı, imkanı var. Nə qədər zaman, vaxt var ikən...

Hələlik Ermənistanın bu imkanın vermiş olduğu fürsətdən faydalanacaq mövqeyi üfüqdə görünmür.

Mənim dövlətim haqqı olanı düşməndən geri alacaq. Bu zamansa bütün məsuliyyət işğalçı və təcavüzkar dövlət kimi tam şəkildə Ermənistanın üzərinə düşür.

Ermənistanın Azərbaycanın yeganə güzəştindən istifadə etmək istəyi bu torpaqlarda növbəti müharibə ocağının alovlanmamasına təkan olardı. Digər güzəştlər axtarmaq yolunda min-bir hiylələr quran ermənilərin zamanı boşa sərf etmələri isə yalnız onların özlərinin ziyanına işləyir.

Çarxın təkərlərini geriyə hərləməksə nə erməniyə, nə də kimsəyə sərf etmir. Yol gec olmamış düşünməyə dəyər. Çünki kimin başlamasından asılı olmayaraq, müharibə başlayacağı təqdirdə, uduzan tərəf ancaq Ermənistan olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti