...

Azərbaycanlı tələbələr Avropa Parlamentində keçirilən konfransın erməni və ermənipərəst iştirakçılarını çətin vəziyyətə salıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Mart 2019 16:25 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanlı tələbələr martın 6-da Avropa Parlamentində (AP) Ədalət və Demokratiya naminə Avropa Erməni Federasiyası və Tufenkiyan Fondunun təşkilatçılığı ilə “Ermənifobiya: tarixi inkişaf yolu və müasir oyanış” mövzusunda keçirilən konfransın erməni və ermənipərəst iştirakçılarını öz sualları ilə çətin vəziyyətə salıblar.

Trend-in məlumatına görə, AP-nin tərkibcə üçüncü böyük siyasi qrupu hesab edilən Avropa Mühafizəkarları və İslahatçıları (ECR) partiyasının qatı ermənipərəst üzvü Yeleni Teoxarusun (Kipr) ev sahibliyi ilə keçən tədbirdə Ermənistanın Brüsseldəki diaspor nümayəndələri Andre Qumicyan, EAFJD rəhbəri Kaspar Karampetyan və s. ilə yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejimin qeyri-legitim nümayəndələri – Aşot Qulyan, Ruben Melikyan, Artak Belqaryan, habelə özünü “türk publisist” kimi təqdim edən Raqib Zarakolou, polyak tədqiqatçı Yak Osieçki, bloqer Aleksandr Lapşin iştirak ediblər.

Anti-Azərbaycan və anti-türk xarakteri daşıyan bu tədbirin diqqət çəkən məqamlarından biri ondan ibarət idi ki, R.Melikyan təqdimatında Leyla Yunusun sözlərinə istinad edərək vurğulayıb ki, Azərbaycanda ermənifobiya uzun illərdir gənc azərbaycanlıların şüuruna yeridilir.

Tədbirin sual-cavab hissəsində Avropada təhsil alan həmyerlilərimiz verdiyi suallarla həm mühazirəçiləri, həm də iştirakçıları çətin vəziyyətə salıblar. Tələbələrimiz çıxışları zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, beynəlxalq hüquq prinsiplərini pozması və Ermənistan cəmiyyətində milliyyətçi və şovinist əhvali-ruhiyyənin bütün təbəqələrdə sürətlə inkişaf etməsini faktlarla izah ediblər.

Zaldakı azərbaycanlılar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində həm Azərbaycanın, həm də beynəlxalq ictimaiyyətin ortaq məxrəclər axtardığı bir dönəmdə Ermənistan hakimiyyətinin və onların havadarlarının sifarişi ilə belə bir tədbirin keçirilməsinin bütün səyləri sarsıtdığını qeyd ediblər. Onlar bildiriblər ki, Azərbaycan cəmiyyətini ermənifob kimi qələmə vermək yanlışdır. Əlbəttə, ölkənin işğala məruz qalması, yüz minlərlə insanın öz doğma yurd-yuvalarından didərgin salınması haqlı olaraq azərbaycanlılarda qəzəb hissi oyadıb, lakin bu qəzəb bütün ermənilərə qarşı yox, Dağlıq Qarabağdakı həmvətənlərimizə qarşı amansız cinayət törədən, 25 ildən çox bir müddətdə bir milyona yaxın qaçqın və məcburi köçkünlərimizi yaşayış, mülkiyyət və s. hüquqlarından istifadə etməkdən məhrum edən işğalçı və cinayətkarlara qarşıdır.

Azərbaycanlı tələbələr çıxış edən şəxslərdən Ermənistanın iddia etdiyi ermənifobiya təhlükəsini və Azərbaycanın qəzəbini azaltmağa qarşı nə kimi addımlar atdığını, qondarma rejimin "insan hüquqları müdafiəçisi"nə sual ünvanlayaraq Dağlıq Qarabağ və ətraf rayonlardan didərgin salınmış azərbaycanlıların fundamental hüquqlarının qorunması istiqamətində nə işlər görüldüyünü soruşublar.

Azərbaycanlı gənclər Ermənistanın nə üçün dünya ictimaiyyətini bir tərəfdən qondarma "erməni soyqırımı"na inandırmağa, digər tərəfdən isə yaxın keçmişdə Xocalıda törətdiyi qətliamı unutdurmağa yönəlik siyasət apardığını sual ediblər. Tələbələr, həmçinin nasist ideologiyasının daşıyıcılarına İrəvanda abidə ucaldılmasının Ermənistanın əsl kimliyini və nəinki azərbaycanlı və türklərə, həmçinin digər etnik mənsubiyyətə malik insanlara da nifrətlə yanaşdığını nümayiş etdirdiyini bildiriblər.

Ənənəvi olaraq bu tədbirdə iştirak edən ermənilər və ermənipərəstlər verilən suallara ümumi cavablar səsləndirməklə problemlərin əsl mahiyyətindən yayınmağa cəhd göstəriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti