Bakı. Tamilla Məmmədova - Trend:
Humanitar məqsədlərlə atəşin dayandırılması barədə sazişin imzalanması müharibənin qanunudur və zərurətdir.
Bunu Trend-ə gürcü ekspert Quram Marxuliya deyib.
O bildirib ki, Azərbaycan 30 il ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı dünya ictimaiyyətinə səslənib, amma ermənilərə bu çağırış çatmayıb:
"İndi isə, status-kvo həqiqətən dəyişəndə, Ermənistan danışıqlar masasına oturmağa və qoşunlarının mərhələli şəkildə Azərbaycan ərazilərindən çıxarılması barədə müqaviləni imzalamağa məcburdur. Yalnız bu şərtlər Azərbaycanı məmnun edə bilər".
O əlavə edib ki, müharibəni dinc yolla həll etmək mümkündürsə, bu imkanı buraxmaq olmaz:
"Erməni tərəfi münaqişə zonasına daxil olmayan şəhərləri bombalayır. Biz görürük ki, Ermənistan artıq böhrandadır və ölkə rəhbərliyi münaqişəyə digər ölkələri cəlb etməyə çalışır. Ermənistan istənilən halda Dağlıq Qarabağı tərk etməli olacaq".