Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Sentyabrın üçüncü ongünlüyündə Bakıda Demokratiya Uğrunda İttifaqın (DUİ) təşkilatçılığı ilə 4-cü Qarabağ Forumu keçiriləcək. Bu barədə şənbə günü Trend ə İttifaqda təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmd Mirəlioğlu məlumat verib.
İttifaqın təşkilatçılığı ilə artıq üç dəfə Qarabağ Forumu keçirilib, toplantıda Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib. Əvvəlki forumların yekunu kimi, Azərbaycan torpaqlarının işğaldan azad olunması yollarına dair təkliflər sənədi hazırlanaraq, Prezident Aparatına təqdim olunub.
Mirəlioğlunun sözlərinə görə, Prezident Aparatından onların təkliflərinin öyrənildiyini bildiriblər. Həmçinin Qarabağ Forumunun işçi qrupu ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşərək, Qarabağ problemini müzakirə ediblər. Mirəlioğlunun sözlərinə görə, Qarabağ münaqişəsinin həllində maraqlı olan digər dövlətlərin səfirlərinə də görüş üçün müraciət edilib və razılıq alınıb.
"Bütün bu görüşlərin, danışıqların, görülən işlərin nəticəsi növbəti Forumda müzakirəyə çıxarılacaq"-deyə Mirəlioğlu bildirib.