...

Litva prezidenti ilə müsahibə: Azərbaycanın Avropaya enerji tədarükçüsü kimi rolu artacaq

Siyasət Materials 13 Sentyabr 2007 02:43 (UTC +04:00)
Litva prezidenti ilə müsahibə: Azərbaycanın Avropaya enerji tədarükçüsü kimi rolu artacaq

Azərbaycan, Bakı / Trend , müxbir A.Qasımova, A.Bədəlova/ Azərbaycan prezidentinin sentyabrın 13-14-də Vilnüsə rəsmi səfər öncəsi Litva prezidenti Valdas Adamkusun Trend ə eksklüziv müsahibəsi

- Azərbaycan ilə Litva arasında mövcud olan münasibətləri necə dəyərləndirirsiniz? İkitərəfli əməkdaşlığın əsas prioritetlərinə baxışınız necədir?

- Əlbəttə, biz son illər ərzində Litva və Aəzrbaycan arasında münasibətlərin çox fəal və uğurlu inkişafını məmuniyyətlə qeyd edə bilərik. Xalqlarımız arasında tarixi əlaqələr əsrlər boyu mövcud olub.

Bizim sıx sosial və mədəni əlaqələrimiz var. Litva və Azərbaycan xalqları ikitərəfli münasibətlərin inkişafına əla zəmin yaradan dostluq münasibətlərini daima bölüşürlər.

Biz Azərbaycanın Avropa kursunu, Azərbaycanın Avropa qonşuluq siyasəti Proqramı üzrə fəaliyyət planı və NATO-Azərbaycan fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı vasitəsi ilə Azərbaycanın Avropa Birliyi və NATO ilə münasibətlərinin institutlaşmasını tamamilə dəstəkləyirik. Litva öz yenidənqurma və inteqrasiya təcrübəsini bölüşərək Avropa və Avroatlantik strukturlarla belə, əməkdaşlığa fəal yardım etmək niyyətindədir.

Bu il hər iki ölkə öz diplomatik nümayəndəliklərini möhkəmləndirib: Litva Bakıda səfirliyini açıb və bu ölkəyə öz səfirini təyin edib, həmçinin Azərbaycanın Litvadakı səfiri öz etimadnaməsini təqdim edib.

- Azərbaycan prezidentinin Litvaya qarşıdakı səfəri zamanı hansı əsas məsələlər müzakirə olunacaq?

- İyun ayında Azərbaycana səfərimdə sizin ölkənin prezidenti ilə açıq və konstruktiv dialoqun əsasını qoyduğumuz zaman isti və dostluq şəraitini hələ də xatırlayıram. Mənim üçün cənəb Əliyevlə Vilnüsdə görüşmək böyük zövq və şərəf olacaq. Mən ümidvaram ki, bu tarixi səfər - Azərbaycan prezidentinin Litvaya ilk səfəri sürətlə inkişaf edən ikitərəfli əməkdaşlıq məsələlərinin konkret müzakirəsi üçün yeni imkan yaradacaq

Ümid edirəm ki, cənab Əliyevin Litvaya səfəri zamanı biz ikitərəfli və regional əməkdaşlıq daxil olmaqla, bütün ümumi maraq doğuran əsas məsələləri nəzərdən keçirəcəyik və biz enerji təhlükəsizliyi, Avropa Birliyi və NATO-ya inteqrasiya kimi ayrı-ayrı istiqamətlərdə birgə cəhd və fəaliyyət yollarını tapacağıq. Azərbaycanın Avropada enerji təchizatçısı qismində rolu artacaq və biz ümid edirik ki, energetika sahəsində geniş regional əməkdaşlıq ideyası inkişaf edəcək.

İki ölkənin iqtisadi əlaqələrinə yeni təkan kimi, səfər çərçivəsində keçiriləcək biznes forum ola bilər. Bu forum rəsmi görüşlərə əlavə kimi planlaşdırılıb. Hər iki ölkənin sahibkarları forumda iştiraka böyük maraq göstərir.

- Xəzərdən Baltik dənizinə qədər neft nəqliyyatı dəhlizinin genişlənməsində Azərbaycanın rolu nə dərəcədə əhəmiyyətli ola bilər? Litva Xəzər neftinin Baltik dənizinə qədər daşınmasını lazımı şəraitlə təmin etməyə hazırdırmı?

- Avropa Birliyi Xəzər regionunun istehsalçılarından neft və qazın birbaşa alınmasında maraqlıdır. Biz bilirik ki, Xəzər regionunun neft və qaz kəmərlərinin əksəriyyəti Rusiya ərazisindən keçir. İnanırıq ki, azad tranzitin təmin olunması Rusiya tərəfindən atılmış müsbət addım olacaq. Bu həmçinin düzgün və həqiqi əməkdaşlığın ifadəsi olacaq.

Eyni zamanda bizə Xəzər regionunda emal olunan neft və qazın birbaşa alınmasını həyata keçirməyə imkan verən yeni enerji təchizatı layihələrini gücləndirmək lazımdır.

Bu nöqteyi nəzərdən, transxəzər enerji layihələri dəyərsiz olacaq. Onlar Avropanın enerji təhlükəsizliyini gücləndirəcək və Xəzər dənizi regionunun beynəlxalq geoenerji statusunu qaldıracaq.

Krakov sammitinin keçirilməsindən sonra Odessa-Brodı-Plotsk-Qdansk layihəsinin reallaşdırılması üçün Litva, Polşa, Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxstan nümayəndələri daxil olmaqla dövlətlərarası işçi qrup təsis edilib.

Texniki icra və Odessa-Brodı boru kəmərinin Qdansk dəniz limanına qədər genişləndirilməsi üçün iqtisadi əlverişliliyin təhlili bu ilin sonuna qədər başa çatdırılmalıdır.

Biz bu layihəni bacardığımız qədər tez həyata keçirəcəyik.

- Litva Azərbaycan iqtisadiyyatının hansı sahələrində fəal iştirak edə bilər və Azərbaycan şirkətləri ölkənizdə biznes layihələrinin reallaşdırılmasında nə kimi rol oynaya bilərlər?

- Sahibkarlar Azərbaycan və digər Qafqaz ölkələrinə artan maraqlarını nümayiş etdirirlər. Qafqaz iqtisadiyyatın sürətli artımı, mükəmməlləşən biznes və investisiya mühiti baxımından strateji əhəmiyyətli regiondur.

Litva xaricdə fəal surətdə investisiya şəraiti axtarır. Litvalı sahibkarlar Azərbaycanda sənaye sektoru (yüngül və qida sənayesi), xırda satış mağazaları, daşınmaz əmlak, turizm və maliyyə əməliyyatlarında investisiya fəaliyyətində maraqlı ola bilərlər.

Sürətlə inkişaf edən Azərbaycan və Litva iqtisadiyyatı çoxlu biznes imkanları təklif edir.

Litvanın kimya, qida məhsulları, maşın və avadanlıqlarının Azərbaycana ixracının genişləndirilməsi üçün böyük potensial mövcuddur. Həmçinin, Azərbaycan sahibkarlarının Litvaya meyvə-tərəvəz, qoz-fındıq və pambıq gətirməsi mümkündür.

İşgüzar missiyalar və ixtisaslaşdırılmış sərgilərdə sahibkarların iştirakı iqtisadi əlaqələrin inkişafına səbəb olacaq. Biz Azərbaycan nümayəndələrini müntəzəm olaraq Litvada keçirilən ixtisaslaşdırılmış paltar və parça, mebel, maşın və texnika, turizm və qida sərgilərinə dəvət etmək istəyirik. Hər iki ölkənin sahibkarları qonşu bazarlara daxil olmaq üçün öz bilik və təcrübələrilə bölüşə bilərlər. Məsələn, litvalılar Azərbaycandan olan həmkarlarına digər Baltik dövlətləri ilə əlaqələr qurmaqda yardımçı ola bilər, eyni zamanda Azərbaycanın işgüzar mühiti litvalılara Mərkəzi Asiya və Orta Şərq bazarlarına maraq göstərməkdə yardım ola bilər.

- Payızda Vilnüsdə yüksəkvəzifəli qonaqların iştirakı ilə enerji forumu keçiriləcək. Bu foruma nə kimi əhəmiyyət verilir?

- Energetika sahəsində əməkdaşlıq Avropa və beynəlxalq siyasi proqramlarla işin ayrılmaz hissəsinə çevrilib. Beynəlxalq cəmiyyət və bizim Avropalı tərəfdaşlarımız yeni problemlər, XXI əsrin qlobal və Avropa enerji perspektivlərinin formalaşması şəraiti ilə qarşılaşır.

Bu gün biz özümüz üçün dərk etməliyik ki, artan enerji tələbatları Avropanın tükənən enerji resursları ilə necə uyğunlaşacaq. Biz iqlim dəyişikliyi, raket sürəti ilə artan enerji qiymətləri və tədarük seçimi çatışmazlığının öhdəsindən gəlmək niyyətindəyik.

Mən inanıram ki, mövcud olan və qarşıda duran problemlərlə mübarizənin ən yaxşı üsulu - beynəlxalq əməkdaşlıq və qarşılıqlı inam prinsiplərinə əsaslanan öhdəliklər və şəffaflıqdır.

Aydındır ki, qlobal problemlər qlobal həll tələb edir.

Konfrans enerji təhlükəsizliyi, həmçinin Avropa Birliyinin xarici enerji siyasəti üçün başlıca prinsiplər kimi məsələlərə toxunacaq. Biz əsas enerji istehsalçıları, istehlakçıları və tranzit ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın yollarını tapmağa çalışacağıq. Transatlantik enerji dialoqu, Avropa Birliyinin Rusiya, Xəzər və Baltik dənizi regionları ilə enerji əməkdaşlığı, həmçinin Baltik enerji strategiyasının inkişafı konfransda müzakirə olunacaq əsas məsələlər olacaq.

Vilnüsdəki konfransda nəinki siyasi liderlər, həmçinin elmi cəmiyyətin xüsusi sektoru üçün əhəmiyyətli olacaq digər problemlərə də toxunulacaq.

Konfrans dünya ekspertləri və enerji şirkətləri üçün yüksək səviyyəli mərasim ilə tamamlanacaq.

Bu enerji əlaqələri ilə bağlı ən vacib məsələlərin müzakirəsi, sürətli istiqamətverici ideya və fikirlərin tamamlanması üzrə dialoqun başlanması üçün əla imkan olacaq.

Bizim üçün gələcək Avropa və qlobal enerji siyasətinə ümumi baxış üzrə müqavilələrə nail olmağın vaxtı çatıb. Biz güclərimizi birləşdirərək ən yaxşı həll yollarını tapa və tarixi şansdan istifadə edərək sabahkı günün problemlərini bu gün aradan qaldıra bilərik.

Xəbər lenti

Xəbər lenti