...

AŞPA məruzəçisinin Cənubi Qafqaza səfəri məsələsi yenidən müzakirə olunacaq

Siyasət Materials 19 Sentyabr 2007 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə / Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində qurumun Cənubi Qafqazda mədəni irsin vəziyyətinin öyrənilməsi üzrə məruzəçisi Eduard Oharanın bölgəyə səfəri məsələsi yenidən müzakirə olunacaq. Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynov məlumat verib.

"Azərbaycan AŞPA məruzəçisinin Cənubi Qafqaza səfər etməsində maraqlıdır. AŞPA-nın Mədəniyyət, Elm və Təhsil Komitəsi və Mədəni irs Alt Komitəsinin iclaslarında bu məsələ bir daha müzakirə olunacaq. Biz komitə üzvlərinin nəzərinə çatdıracağıq ki, səfərin baş tutmamasının günahkarı Ermənistandır", -deyə Hüseynov bildirib.

Ohara 2005-ci ilin sonlarında Cənubi Qafqaza səfər etməyi planlaşdırırdı. Məruzəçinin səfəri bir neçə dəfə başqa vaxtlara keçirilsə də, hələ də baş tutmayıb. Ohara sonuncu dəfə 2007-ci ilin avqustun 29-dan sentyabrın 6-dək Cənubi Qafqaza səfər etməyi planlaşdırırdı. Səfər proqramı açıqlansa da, bu dəfə də Oharanın bölgəyə gəlməsi mümkün olmadı.

AŞPA-nın payız sessiyası çərçivəsində Mədəniyyət, Elm və Təhsil Komitəsinin və Mədəni İrs Alt Komitəsinin iclasları keçiriləcək.

Hüseynov qeyd edib ki, Ohara Cənubi Qafqaza səfərini həyata keçirməyə cəhd göstərir. Lakin Ermənistan səfərə maneələr törədir, bunun qarşısını almağa çalışır. Millət vəkili məruzəçinin avqustun sonu, sentyabrın əvvəllərinə planlaşdırılan səfərinin baş tutmamasının səbəblərini də açıqlayıb.

"Azərbaycan tərəfi səfərə razılıq vermişdi. Ohara ilk əvvəl Azərbaycana gəlmək istəyirdi. Lakin Dağlıq Qarabağa Ermənistandan getməyi planlaşdırırdı. Biz bunu düzgün hesab etmirik və bununla bağlı şərtimizi əvvəlcədən bildirmişdik. Çünki bu, Azərbaycanın müstəqilliyinə və suveren dövlət kimi hüquqlarına xor baxmaq təssüratı yaradır", -deyə nümayəndə heyətinin üzvü vurğulayıb.

Onun sözlərinə görə, rəsmi Bakı məruzəçinin Dağlıq Qarabağdakı mədəni və tarixi abidələrin vəziyyətini öyrənməkdə maraqlıdır. Lakin Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğuna görə, məruzəçi həmin əraziyə və işğal altında olan yeddi rayona da Azərbaycandan getməlidir. Hüseynov hesab edir ki, Ohara beyənlaxaq təşkilatı təmsil etdiyinə görə, məruzəçinin və onu müşayiət edən nümayəndələrin təhlükəsizliyi təmin olunacaq və hər hansı insident baş verməyəcək: "Biz bununla bağlı müraciətimizi yazılı şəkildə AŞPA-ya göndərdik. Görünür, yenə də Ermənistan tərəfindən narazlıq yaranıb və Ohara bu şərtlər çərçivəsində bölgəyə gəlmək istəməyib".

Ermənistan məruzəçinin, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində olan erməni qəbirlərinin dağıdılması məsələsini araşdırmasını tələb edir. Rəsmi Bakı isə, Ermənistanda və işğal olunmuş ərazilərdə Azərbaycana məxsus mədəni abidələr, qəbiristanlıqların məhv edildiyini bildirir və Oharanın, həmin ərazilərdə olan mədəni və tarixi abidələrin vəziyyətini öyrənməsini tələb edir.

Xəbər lenti

Xəbər lenti