Bakı.Trend:
Bərdə rayonu ərazisində yerləşən tullantı poliqonunda tullantıların yandırılması ilə bağlı mediadan daxil olan şikayət əsasında 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb və fakt təsdiqini tapıb.
İdarənin rəisi Oqtay Şahmurov Trend-ə açıqlamasında bildirib ki, yanğın məişət tullantılarının mövcud qanunvericiliyin tələb və qaydalarına uyğun idarə olunmaması və qabaqlayıcı tədbirlərin görülməməsi səbəbindən baş verib.
“Faktla bağlı poliqonun idarə edilməsinə cavabdeh Bərdə Kommunal Təsərrüfatı İdarəsinin direktoru Natiq Qasımov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub. Poliqonda tullantıların düzgün idarə olunmasının təmin edilməsi və gələcəkdə belə halların təkrarlanmaması məqsədilə Bərdə Kommunal Təsərrüfatı İdarəsinə “Ekoloji tələb” verilib. Eyni zamanda mövcud vəziyyətlə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə müraciət olunub.
Ətraf mühitin mühafizəsinə həssas münasibət göstərən vətəndaşlarımıza təşəkkür edir və bu kimi hallarla rastlaşdıqları zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168 Çağrı Mərkəzi”nə müraciət etmələrini xahiş edirik”, - deyə idarə rəisi bildirib.
