...

AMİP sədri: "Müxalifətin birliyinə nail olunmasa, müxalifət partiyalarının liderləri vəzifələrindən getməlidir"

Siyasət Materials 22 Oktyabr 2007 17:42 (UTC +04:00)
AMİP sədri: "Müxalifətin birliyinə nail olunmasa, müxalifət partiyalarının liderləri vəzifələrindən getməlidir"

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov müxalifətin gələn il prezident seçkilərinə qədər birliyə nail olunmayacağı təqdirdə, müxalifət partiyalarının liderlərinin öz vəzifələrindən getməsini zəruri sayır. Bu barədə bazar ertəsi Trend ə AMİP sədri Ayaz Rüstəmov açıqlama verib.

Gələn ilin oktyabrında Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək. Bir neçə müxalifət partiyası (Müsavat, Ümid, BQP, ADP) prezident seçkisində öz namizədi ilə iştirak edəcəyini açıqlayıb. 2003-cü ildə keçirilmiş seçkidə də müxalifət beşdən çox namizədlə iştirak etmiş, sonda hakim partiyanın namizədi İlham Əliyev qalib gəlmişdi.

AMİP sədri bildirib ki, gələn ilin oktyabrınadək müxalifət partiyaları seçkidə iştirak edəcək namizədlərinin sayını azaltmalı, seçkinin ikinci turunun keçirilməsinə nail olmalı və bütün qüvvələrini birləşdirərək, hakimiyyət uğrunda birgə mübarizə aparmalıdırlar. Bunlar baş verməsə və müxalifət yenə də seçkidə məğlub olsa, "Müxalifət liderləri artıq öz postları barədə yenidən düşünməli və öz istəkləri ilə sədrlikdən getməlidirlər"-deyə Rüstəmov bildirib.

AMİP sədri əlavə edib ki, bu təklifini özünə də aid edir. Müxalifətin ortaq mövqeyə gəlməsi mümkün olmayacağı təqdirdə Rüstəmov AMİP sədrliyindən istefa verə bilər.

Onun fikrincə, müxalifət növbəti dəfə məğlubiyyətə düçar olarsa, müxalif düşərgədə təbii şəkildə yenilənmə getməlidir.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti