...

"MAQATE-nin İranın nüvə planına dair növbəti məruzəsi nə İrana, nə Qərbə haqq qazandırmayacaq" - İran politoloqu

Siyasət Materials 15 Noyabr 2007 16:11 (UTC +04:00)
"MAQATE-nin İranın nüvə planına dair növbəti məruzəsi nə İrana, nə Qərbə haqq qazandırmayacaq" - İran politoloqu

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ "MAQATE-nin İranın nüvə planına dair hazırladığı yeni məruzə konkret şəkildə nə İrana, nə də ona qarşı çıxan və onu nüvə silahı yaratmaqda ittiham edən Qərb ölkələrinə haqq qazandırmayacaq" - İran politoloqu Əhməd Zeydabadi hesab edir.

İranın İRNA agentliyi noyabrın 15-də bildirib ki, MAQATE-nin sədri Məhəmməd Əlbəradeyinin İranın nüvə planı barədə BMT Təhlükəsizlik Şurasına hazırladığı növbəti məruzədə bu ölkənin son iki ayda bu Beynəlxalq Agentlik ilə əməkdaşlıq məsələlərini qeyd edəcəyi istisna olunmur.

Əlbəradeyi son bəyanatında bunları deməklə yanaşı, İranın uranın zənginləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirməsini, BMT-nin 1-ci və 2-ci qətnamələrinə qarşı etinasız qalmasını, bəzi İran diplomatlarının istintaq üçün MAQATE-nin bu ölkəyə göndərdiyi heyətlə görüşməkdən imtina etməsini və digər məsələləri də qeyd edib.

İranlı politoloq Zeydabadi cümə axşamı telefonla Tehrandan Trend ə bildirib ki, Əlbəradeyi İranla müzakirələrin müsbət nəticə verdiyini qeyd etməklə yanaşı, ölkənin nüvə planında görünən bir çox şübhəli məsələləri və etinasızlıqları da bildirəcək. "ABŞ Əlbəradeyidən istəyir ki, bir MAQATE sədri kimi öz vəzifəsi ilə məşğul olsun və diplomat kimi İranın sülhməramlı atom fəaliyyəti barədə, yaxud BMT Təhlükəsizlik Şurasının İran əleyhinə 3-cü qətnaməni tətbiq edib-etməməsi barədə fikir bildirməsin. Həmçinin İsrail rəsmiləri MAQATE-nin rəsmi Tehranın nüvə planına müsbət yanaşmasını pisləyərək, iddia edir ki, Əlbəradeyi İranın şübhəli nüvə fəaliyyətlərini ört-basdır edir və bu üzdən istefa verməlidir. Beləliklə, Əlbəradeyi özü də Qərbdən çəkindiyi üçün İranı bundan artıq dəstəkləyə bilmir" - deyə Zeydabadi bildirib.

İranlı politoloqun fikrincə, MAQATE-nin yeni məruzəsi İranın nüvə planına dair müsbət rəy versə də, BMT Təhlükəsizlik Şurasının İran əleyhinə 3-cü qətnaməni tətbiq etməsinin qarşısını ala bilməz. Əlbəradeyi nə İrana qarşı represiyalar tətbiq olmasının səbəbkarı kimi, nə də İrana bəraət qazandıran fiqur kimi tanınmaqdan çəkinir. Onun ikitərəfli məruzəsi həm İranın müttəfiqlərinə, həm də əleyhinə olan ölkələrə müxtəlif mövqe tutmaq üçün imkan verəck. Bununla belə, İran əleyhinə 3-cü qətnamənin bağlanması istisna olunmur, Əlbəradeyi sadəcə, bunu ləngidə və ya tezləşdirə bilər.

Digər İranlı politoloq, Stokholm Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Səid Məhmudi İsveçdən telefonla bildirib ki, İran son iki ayda MAQATE ilə sıx əməkdaşlıq edib, bir çox sənədləri Beynəlxalq Agentliyə təhvil verib, əksər sualları cavablandıraraq şübhələrə aydınlıq gətirib. Lakin hələ də bir çox problemlər mövcuddur. "İran son dəqiqədə özünə bəraət qazandırmağa çalışıb. Bu siyasəti əvvəldən aparsaydı, bəraət qazanmağa ümidi ola bilərdi. Lakin hələ də gec deyil. İnanıram ki, Əlbəradeyinin növbəti məruzəsi İranın lehinə olacaq. Bu ən azı, İran əleyhinə 3-cü qətnamənin tətbiq olunması zamanını ləngidə bilər" - deyə Məhmudi bildirib.

Xəbər lenti

Xəbər lenti