...

Azərbaycanda yeni müxalifət partiyası yaradılır

Siyasət Materials 28 Noyabr 2007 14:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın milli azadlıq hərəkatı fəallarından olan Ramiz Tağıyevin rəhbərliyi ilə yeni müxalifət partiyası yaradılır. Bu barədə partiyanın yaradılması üzrə Təşkilat Komitəsinin çərşənbə günü keçirdiyi mətbuat konfransında açıqlama verilib.

"Canımız Azərbaycan Naminə" adlanan partiyanın gələn ilin yazında təsis qurultayı keçiriləcək.

Tağıyev Azərbaycan milli azadlıq hərəkatının fəallarından olub, 1992-93-cü illərdə Naxçıvan MR Culfa rayonunun icra başçısı olub. Azərbaycan Xalq Cəbhəsi Hərəkatında, sonradan Vətəndaş Həmrəyliyi Partiyasında, AXCP-də təmsil olunub. 2005-ci ildə AXCP-nin Nizamnaməsini pozmaqda günahlandırılaraq partiyadan xaric edilib.

Tağıyev bildirib ki, yeni yaradacağı partiya iqtidara qarşı müxalifət mövqedə olacaq, xalqın problemlərini qabartmağa çalışacaq. Onun sözlərinə görə, partiyası heç bir xarici qüvvənin maraqlarına xidmət etməyən millətçi partiya olacaq. Tağıyev müxalifətdən kimlərlə əməkdaşlıq edəcəyini də açıqlayıb, bu sırada Klassik Xalq Cəbhəsi Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Milli Demokrat Partiyasının, milli hərəkat fəallarından Fərəc Quliyev, Arif Paşa və Təhmasib Novruzovun adını çəkib.

Tağıyev əlavə edib ki, yeni partiyanın gələn il Azərbaycanda keçiriləcək prezident seçkisi ərəfəsində yaradılması təsadüfi deyil, onun fikrincə, prezident seçkisi ilə bağlı passivlik hökm sürür. Tağıyev bildirib ki, AMİP lideri Etibar Məmmədov prezidentliyə namizədliyini irəli sürəcəksə, partiyası onu dəstəkləyəcək. Əks halda, ya partiyanın namizədi olacaq, ya da müttəfiqlik etdiyi digər bir partiyanın namizədini dəstəkləyə bilər.

Xəbər lenti

Xəbər lenti