Azərbaycan, Bakı / Trend / 2008-ci ilin yanvarın 1-dən Rusiyanın RTR-Planeta telekanalının Azərbaycan ərazisində yayımı dayandırılıb. 2007-ci ilin yayında başlayan danışıqlara rəğmən tərəflər razılaşma əldə edə bilməyiblər. Nəticədə Milli Televiziya və Radio Şurası kanalın yayımının dayandırılması ilə bağlı qərar qəbul edib.
2007-ci ilin 13 dekabrında Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclasında tərəflər kanalların qarşılıqlı yayımının təşkili ilə bağlı mexanizmin müəyyənləşdirilməsinə dair razılaşma əldə ediblər. Plana əsasən RTR-Planeta kanalanın Azərbaycan ərazisində, AzTV-nin isə Rusiya ərazində yayımını nəzərdə tutan saziş hazırlanırdı.
Rusiya tərəfi telekanalların qarşılıqlı yayımı ilə bağlı dövlətlərarası müqavilənin bağlanmasına hazır olduğunu bəyan edib. Lakin eyni zamanda Rusiya texniki müqavilənin imzalanmasına hazır olmadığını da diqqətə çatdırıb və Azərbaycan telekanalından müvafiq lisenziya tələb edib. Rusiya qanunvericiliyinə əsasən ölkə ərazisində yayımlanan kanalın rəhbərliyi tərəfindən yatırılan investisiyaların 50 faizi Rusiya kapitalına Aid olmalıdır.
Azərbaycan ilkin mərhələdə AzTv-nin Moskva, Sankt-Peterburq, Dərbənt, Mahaçqala, Samara, Kazan, Krasnodar, Perm, Həştarxan, Volqoqrad və Rostov-na-Donu kimi şəhərlərdə yayımının təşkil edilməsini təklif edib.
Rusiya və Azərbaycan arasında dövlət kanallarının qarşılıqlı yayımı ilə bağlı danışıqlar 2007-ci ilin iyununda başlayıb.