Azərbaycan, Bakı 26 yanvar / Trend müxbir İ.Əlizadə/ Hazırda ATƏT-in fəaliyyətində böhran yaranıb və Finlandiya bunu həll etməyə çalışır. "ATƏT-in sədri olan Finlandiyanın əsas məqsədi qısa müddət ərzində təşkilatın fəaliyyətində yaranmış böhranı həll etməkdir. Bunun üçün bir sıra mühüm problemlər həll olunmalıdır", -deyə şənbə günü Azərbaycan Milli Məclisində təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşündə Finlandiya parlamentinin xarici əlaqələr komitəsinin sədri Petti Saloliane bildirib.
Salolianenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Hazırda ATƏT-ə Finlandiya sədrlik edir.
O qeyd edib ki, ATƏT-in əsas vəzifələrindən biri təşkilata üzv ölkələrdə seçkilərin azad və demokratik keçirilməsinə kömək etməkdir: "Bunun üçün ATƏT seçkilər keçirilən ölkələrə müşahidə missiyaları göndərməlidir. Lakin bu iş yaxşı təşkil olunmur".
Salolianenin fikrincə, ATƏT məkanında təhlükəsizlik baxımından yaranmış əsas problem Rusiyanın "Avropada adi silahlar haqqında" müqavilədən çıxmasıdır.
"Bu problemin necə həll olunacağı məlum deyil", -deyə finlandiyalı parlamentari əlavə edib.
O bildirib ki, ATƏT-in səmərəli fəaliyyət göstərməsinə mane olan digər problemlər Kosovo, Abxaziya, Osetiya və Dağlıq Qarabağ münaqişələridir: "Bütün bu problemlərin həlli ATƏT sədrinin səlahiyyətinə aididir və Finlandiya problemlərin həllinə çalışır".