...

Azərbaycan Parlamenti İrəvanın Ermənistana verilməsinin tarixi səbəblərini araşdıran komissiya yaradacaq

Siyasət Materials 1 Fevral 2008 13:02 (UTC +04:00)
Azərbaycan Parlamenti İrəvanın Ermənistana verilməsinin tarixi səbəblərini araşdıran komissiya yaradacaq

Azərbaycan, Bakı, 1 fevral / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentində İrəvanın Ermənistana verilməsinin tarixi səbəblərini araşdıran komissiya yaradılacaq. "31 mart azərbaycanlıların soyqırım gününə qədər Azərbaycan torpaqlarının Ermənistana verilməsinin səbəbləri göstərilən və ermənilərin iddialarına qarşı Parlament sənəd qəbul edəcək" - deyə Milli Məclisin cümə günü keçirilən iclasında spiker Oqtay Əsədov bildirib.

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, Ermənistan Naxçıvanın xaritəsinin dəyişdirilməsi və Naxçıvana qarşı ərazi iddiaları ilə beynəlxalq təşkilatlara müraciət edib: "Ermənilərin iddialarına vaxtında cavab verməsək, Ermənistan Azərbaycan torpaqları hesabına öz ərazisini genişləndirməkdə davam edəcək". Novruzov təklif edib ki, 20-ci əsrin əvvəllərinə qədər Azərbaycan ərazisi olan İrəvanın Ermənistana verilməsini araşdıracaq komissiya yaradılsın. Parlamentdə yaradılacaq komissiya tarixi sənədləri araşdırsın, əldə olunan nəticələr beynəlxalq təşkilatlara göndərilsin.

Milli Məclisin sədri Novruzovun təklifini dəstəkləyib. Spiker bildirib ki, ermənilər artıq yalnız Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmirlər, dünyanın tarixini özünkiləşdirməyə çalışırlar: "Ermənistanın hazırkı ərazisinin böyük bir hissəsi Azərbaycan torpaqlarıdır. Lakin bunlarla bağlı ciddi elm əsərlər yazılmır və tarixi faktlar dünyaya çatdırılmır".

Spiker bildirib ki, yaradılacaq komissiyaya Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov rəhbərlik edəcək: "Bu komissiya ciddi şəkildə işləməli və bütün faktları aşkara çıxarmalıdır".

Hakim Yeni Azərbaycan Partiyasının icra katibi, deputat Əli Əhmədov vurğulayıb ki, Ermənistanın paytaxtı qədim Azərbaycan şəhəridir: "Azərbaycanlıların Ermənistandan ilk deportasiyasından 60 il ötür. Bu azərbaycanlılarının hüquqlarının bərpası istiqamətində heç bir iş görülmür".

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, deputat Yaqub Məmmədov İrəvanı ermənilərə verən Azərbaycan Demokratik Respublikasının rəhbərliyini xəyanətkar adlandırıb: "ADR Milli Şurasının İrəvanın Ermənistana verilməsi ilə bağlı qərar qəbul olunan iclasında yetərsay olmayıb. Həmin sənəd hüquqi qüvvəyə malik deyil".

Deputat qeyd edib ki, Azərbaycan torpaqlarının ermənilərə verilməsini nəzərdə tutan bütün sənədlər, o cümlədən azərbaycanlıların hazırkı Ermənistan ərazisindən köçürülməsi ilə bağlı keçmiş SSRİ rəhbəri Stalinin qərarları Milli Məclisdə müzakirə edilməlidir: "Bu sənədlərə hüquqi-siyasi qiymət verilməli və onlar ləğv olunmalıdır".

Onun fikrincə, rəsmi Bakı azərbaycanlıların öz torpaqlarına qayıtması işinə kömək göstərilməsi üçün, beynəlxalq təşkilatlara müraciət etməlidir. Bundan başqa, Ermənistandan köçürülən azərbaycanlıların mühacirət hökuməti yaradılmalıdır.

Tarixçi deputat Cəmil Həsənli Azərbaycan Demokratik Respublikasının rəhbərliyini xəyanətdə ittiham olunmasına etiraz edib: "Tarixçi alimin belə fikir işlətməsi təəssüf doğurur. Azərbaycan üçün böyük işlər görmüş şəxslər haqda belə danışmaq olmaz".

Xəbər lenti

Xəbər lenti