...

Parlament Azərbaycanın PKK-nı terrorçu təşkilat kimi tanması ilə bağlı qanun layihəsini geri qaytarıb

Siyasət Materials 22 Fevral 2008 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti PKK-nın terrorçu təşkilat kimi tanınmasını nəzərdə tutan qanun layihəsini geri qaytarıb. "Azərbaycanın PKK-nı terrorçu təşkilat kimi tanıması ilə bağlı xüsusi Qanun qəbul olunmasının nə hüquqi, nə də siyasi əsası yoxdur",-deyə Milli Məclisin cümə günü keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bildirib.

Parlamentdə müxalifəti təmsil edən Müsavat deputat qrupu Azərbaycanın PKK-nı terrorçu təşkilat kimi tanımasını nəzərdə tutan qanun layihəsi hazırlayıb və Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasına təqdim edib. Qanun layihəsində PKK-ya üzv olan, təbliğatını aparan, maliyyələşdirən, ümumiyyətlə, bu təşkilatla hər hansı əlaqə saxlayan şəxslərin Azərbaycanın Cinayət Məcəlləsinin terrorçuluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulub.

Cinayət Məcəlləsinin terrorçuluq maddəsi (214-cü maddə) əmlakı müsadirə olunmaqla, 8 ildən 15 ilədək, terrorçuluğu maliyyələşdirmə (214-1-ci maddə) əmalkı müsadirə olunmaqla, 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cazası nəzərdə tutur.

Komissiya sədri qeyd edib ki, Azərbaycan beynəlxalq terrorçuluqla bağlı Konvensiyalara qoşulub. Ona görə də PKK ilə bağlı ayrıca Qanunun qəbul olunmasına zərurət yoxdur.

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, müxalifəti təmsil edən deputatlar və partiyalar PKK məsələsindən siyasi devidend qazanmaq üçün istifadə edirlər. Hakim partiyanın rəsmisi hesab edir ki, PKK ilə bağlı Qanunun qəbul olunmasına ehtiyac yoxdur.

"Türkiyə parlamenti də PKK-nın terrorçu təşkilat kimi tanınması ilə bağlı Qanun qəbul etməyib", -deyə Novruzov əlavə edib.

Hakimiyyətyönlü Ana Vətən Partiyasının sədri müavini, deputat Zahid Oruc da bu mövqeyi dəstəkləyib.

Milli Məclisin sədri Oqtay Əsədov isə, bildirib ki, PKK-dan çox danışılması bu təşkilatın təbliğ olunmasına xidmət edir.

1980-ci illərin əvvəllərində Türkiyədə yaradılan Kürd Fəhlə Patiyası (PKK) siyasi deyil, silahlı mübarizə variantını seçib. PKK-nın Türkiyədə törətdiyi terror aktları nəticəsində 30 mindən artıq insan həlak olub. Dünyanın əksər ölkələri və bir sıra beynəlxalq təşkilatlar PKK-nı terrorsu təşkilat kimi tanıyıb.

Xəbər lenti

Xəbər lenti