...

Pozuntulara yol verən QHT-lər qrant layihəsi almaqdan məhrum olacaqlar - Prezident Aparatı rəsmisi

Siyasət Materials 12 Mart 2008 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir S.İlhamqızı/ Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına seçiləcək QHT-lər layihələrinin icrası zamanı qanun pozuntularına, Əsasnaməyə zidd işlərə yol verərlərsə, növbəti müddət üçün qrant layihəsi almaqdan məhrum olacaqlar. Bu barədə Trend ə açıqlamasında Prezident Aparatının ictimi-siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib.

Azərbaycan prezidenti İlham Əliyevin 13 dekabr 2007-ci il tarixli fərmanına əsasən, "Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası" yaradılır. Şura 11 nəfər üzvdən ibarət fəaliyyət göstərəcək, 8 üzv QHT-lərin təklif etdiyi nümayəndələrdən, 3-ü dövlət orqanlarının nümayəndələrindən ibarət olmaqla, 4 illiyə təyin edilirlər. Şura üzvlüyünə dünən və bu gün artıq 6 nəfər namizəd seçilib, qalan namizədlər növbəti günlərdə seçiləcək. Prezident bütün namizədlər asından Şuraya üzvlər təyin edəcək.

Mehdiyev bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Şurası üçüncü sektorla bağlı dövlət siyasətinin hazırlanıb həyata keçirilməsi sahəsində əsas orqan olacaq. "Bu Şura dövlətlə QHT-lər arasında tərəfdaşlığın, əməkdaşlığın qurulmasında zəncir rolunu oynayacaq. Bu qurum QHT-lərlə bağlı qanunvericilik bazasının təkmilləşməsinə öz töhfəsini verəcək, əməkdaşlığın qurulması üçün tədbirlər görəcək, QHT-lərə konsultativ, maliyyə, texniki, təşkilati yardımlar göstərən orqan olacaq"-deyə Mehdiyev bildirib.

Prezident Aparatı rəsmisinin sözlərinə görə, dövlət əsasən aktual problemlərin həllinə yardım göstərəcək layihələrə maliyyə dəstəyi verəcək. Bunlar - Azərbaycan ərazisinin işğalı - Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın maraqlarının beynəlxalq aləmdə təbliğ olunması, qaçqın-köçkünlərimizin hüquqlarının beynəlxalq məhkəmələrdə müdafiəsi, əlillərin və şəhid ailələrinin problemləri, ailə, uşaq, qadın və gənclər, həmçinin səhiyyə, ekologiya sahələri ilə bağlı layihələr olmalıdır.

"Çünki bu sahələr adətən beynəlxalq qurumlar tərəfindən maliyyələşdirilmir, onların öz spesifik sahələri var. Dövlət istəyir ki, QHT-lərin potensialından yararlanaraq, özünün birbaşa görə bilmədiyi işləri QHT-lərin üzərinə qoysun, onların vasitəsilə həyata keçirsin"-deyə Mehdiyev bildirib.

Prezident Aparatı rəsmisi əlavə edib ki, təqdim olunan bütün layihələr öyrəniləcək, müsabiqə yolu ilə qiymətləndiriləcək. Seçilmiş layihələrin icrası ilə bağlı onu həyata keçirən QHT-lər ictimaiyyətə və dövlət orqanlarına hesabat verəcəklər. Maliyyə vəsaitinin xərclənməsinə Maliyyə Nazirliyi də nəzarət edəcək.

"Şuranın səlahiyyəti var ki, pozuntulara yol vermiş QHT-ləri növbəti müddət üçün qrant layihəsi almaqdan məhrum etsin. Əgər cinayətə yol verilərsə, həmin QHT Şuradan kənarlaşdırıla və cəzalandırıla bilər. Cinayət hallarından başqa, üzvlərinin özünün imtina etməsi, yaxud xəstə olması səbəbindən də Şura üzvlüyündən kənarlaşdırılması mümkündür"-deyə Mehdiyev bildirib.

Xəbər lenti

Xəbər lenti