...

Demokratik şərait yaradılarsa, prezident seçkisində iştiraka hazır vəziyyətdə olacağıq - ALP lideri

Siyasət Materials 13 Mart 2008 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanda seçkiöncəsi vəziyyət dəyişərsə, Azərbaycan Liberal Partiyası (ALP) prezident seçkisində iştiraka hazır vəziyyətdə olacaq.

"Liberal Partiya hər zaman seçkilərə hazır vəziyyətdədir və tələblərimiz yerinə yetirilərsə, prezident seçkisində iştirak edəcək"-deyə partiyanın lideri, "Azadlıq" blokunun həmsədri Lalə Şövkət Trend ə açıqlamasında bildirib.

"Azadlıq" blokunun digər həmsədri, AXCP sədri Əli Kərimli bildirib ki, partiyası seçki prosesindən geri qalmamaq üçün seçkiyə hazırlıq işlərinə başlayıb: "Biz mayda qərara gəlsək ki, artıq prezident seçkisində iştirak etmək lazımdır, zəruri işləri görməsək, geri qala bilərik. Biz seçki qrafikinə uyğun olaraq müəyyən hazırlıqlarımızı aparmalıyıq. Seçkidə iştirak edəcəyimiz təqdirdə hazırlıqsız olmamaq üçün müəyyən işlər görməliyik"-deyə Kərimli bildirib.

Xanım Şövkət isə hesab edir ki, əgər seçkiöncəsi ölkədə demokratik şərait yaradılarsa, "Azadlıq" bloku prezident seçkisində iştirak etməkdə heç də gecikməyəcək və hazırlıqsız vəziyyətdə olmayacaq.

"Prezident seçkisində iştirak etmək üçün ölkədə azad rəqabət şəraiti olmalıdır. Bunun üçün isə söz, mətbuat azadlığı, vətəndaşların sərbəst toplaşmaq hüququ təmin edilməli, siyasi partiyaların fəaliyyətinə şərait yaradılmalı, müxalifətin elektron KİV-lərə çıxış imkanı olmalı, əhali ilə görüşlərinə, mitinqlərinə imkan verilməli, seçki prosesi iqtidarın monopoliyasından çıxmalıdır. Bütün bunlar olmayacağı təqdirdə azad, ədalətli seçki keçirilə bilməz və "Azadlıq" bloku yalançı seçkidə iştirak edərək xalqı aldatmayacaq"-deyə xanım Şövkət bildirib.

Onun fikrincə, müxalifətin seçkidə iştirakı xalqı ümidləndirir, lakin bu iştirak uğursuzluqla nəticələnəndə, müxalifət qələbəsini reallaşdıra bilməyəndə cəmiyyət depressiv vəziyyətə düşür, müxalifətə inamını itirir.

"Ona görə də biz cəmiyyətin ümidlərini puça çıxarmaq istəmirik"-deyə ALP lideri bildirib.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Lalə Şövkət 1993-cü ilin iyulundan 1994-cü ilin yazınadək Azərbaycanın dövlət katibi olub. 1995-ci ildə müxalifətçi Azərbaycan Liberal Partiyasını yaradıb.

Xəbər lenti

Xəbər lenti