...

Bir qrup jurnalist BMT-nin Bakı Ofisi qarşısında etiraz aksiyası keçirib (video)

Siyasət Materials 2 Aprel 2008 13:41 (UTC +04:00)
Bir qrup jurnalist BMT-nin Bakı Ofisi qarşısında etiraz aksiyası keçirib (video)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir İ.Əlizadə/ Bir qrup Azərbaycan jurnalisti çərşənbə günü BMT-nin Bakı Ofisi qarşısında etiraz aksiyası keçirib və Ermənistan tərəfindən Kəlbəcər rayonunun 15 illik işğalının davam etdirilməsinə qarşı çıxış ediblər.

Kəlbəcər 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunub. Rayon əhalisinin sayı 70 minə yaxındır. Kəlbəcər rayonunun işğalı nəticəsində 511 nəfər ölüb, 321 nəfər isə itgin və ya əsir düşüb. Martın 27-də Ermənistan hərbi qüvvələri tərəfindən başlanan irimiqyaslı əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş rayonları arasında ərazisinə görə ən böyük olan Kəlbəcər rayonu işğal olunub.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasında BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Sonradan BMT Təhlükəsizlik Şurası Ağdam və Füzuli və digər işğal olunmuş rayonların azad edilməsi ilə bağlı Qətnamələr qəbul edib.

Martın 14-də BMT Baş Assambleyasının iclasında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını nəzərədə tutan "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" Qətnamə qəbul edib. Lakin həmin qərarlar kağız üzərində qalmaqdadır. Jurnalistlər BMT Qətnasməsinin yerinə yetirilməsi və Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini tələb ediblər.

Etiraz aksiyasının keçirilməsinə dair icazənin verilməməsinə baxmayaraq, polis nümayişə müdaxilə etməyib. Aksiya iştirakçıları BMT-in Bakı Ofisinin nümayəndəsi Fərqan Abbaszadəyə məktub təqdim ediblər. O, müraciətin BMT-nin Nyu-Yorkdakı Baş Ofisinə çatdırılacağını qeyd edib. Qətnamələrin qəbul olunduğu vaxtdan Azərbaycan ictimaiyyəti nümayəndələri tərəfindən Nyu-Yorka altı belə müraciət göndərilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələki nəticəsiz sülh danışıqları aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti