...

Azərbaycan regionda mühüm strateji mövqe tutur – İsrail parlamentində müxalifətin rəhbəri

Siyasət Materials 17 Aprel 2008 13:46 (UTC +04:00)
Azərbaycan regionda mühüm strateji mövqe tutur – İsrail parlamentində müxalifətin rəhbəri

İsrail, Qüds, 17 aprel / Trend , müxbir R.Abdullayev/ Azərbaycan regionda mühüm strateji mövqe tutur və eyni zamanda regionun çətin geosiyasi dolanbacları ilə toqquşur və toqquşacaq. Bu barədə çərşənbə günü Qüdsdə keçirilən mətbuat konfransında İsrailin "Likud" partiyasının rəhbəri Binyamin Netanyahu bildirib.

İranın nüvə proqramı ətrafında yaranan çətin regional vəziyyətdə Azərbaycanın rolunun nədən ibarət olması barədə Trend un sualına cavab verən İsrail parlamentində müxalifətin rəhbəri bildirib ki, o bu məsələni hələ 1998-ci ildə İsrailin Baş naziri qismində Bakıya qısamüddətli səfəri zamanı keçmiş prezident Heydər Əliyevlə müzakirə edib.

"İran tərəfindən gələn təhdid təkcə İsrail üçün deyil, bütün dünya üçün təhlükə yaradır. Bu günə qədər "Nüvə klubu"nda elə bir dövlət olmayıb ki, onun rəhbəri əsaslı radikal ideologiyaların təsiri altında fəaliyyət göstərsin. Hesab olunur ki, nüvə silahı "çəkindirmək üçün amil" rolunu yerinə yetirir: onu düşmənə qarşı praktikada heç vaxt tətbiq etmirlər. Lakin İrana gəldikdə isə bu müddəa şübhə doğura bilər", - deyə Netanyahu bildirib.

Onun sözlərinə görə, İranın atom proqramı radikal əhval-ruhiyyəli islamçıların kütləvi qırğın silahı əldə etməsinə gətirib çıxara bilər. "Mən Azərbaycana qısa, lakin səmərəli səfərim zamanı mərhum prezident Heydər Əliyevlə məhz bu mövzunu müzakirə və təhlil etmişdim", - deyə İsrailin parlament müxalifətinin rəhbəri bildirib.

"İran tarixdə ilk nüvə dövləti olacaq ki, ona "çəkindirmək üçün amil" kömək etməyəcək", - deyə Netanyahu hesab edir.

"Likud" rəhbəri həmçinin bildirib ki, Azərbaycanın karbohidrogen enerji resurslarının inkişafı sahəsində uğurları İsraildə müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti