...

Ermənistan Avropa Şurasının tövsiyələrini yerinə yetirməsə, AŞPA-da səsvermə hüququndan məhrum ediləcək - fransalı deputat

Siyasət Materials 17 Aprel 2008 18:19 (UTC +04:00)

Fransa, Strasburq, 17 aprel / Trend , müxbir A.Məhərrəmli, İ.Əlizadə/ Ermənistan hakimiyyəti prezident seçkilərindən sonra həbs olunan müxalifət nümayəndələrini azadlığa buraxmasa və Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsə, bu ölkənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti səsvermə hüququndan məhrum ediləcək.

"Əgər Ermənistan Avropa Şurasının tələb və tövsiyələrini yerinə yetirməsə və müəyyən bir irəliləyiş olmasa, Monitorinq Komitəsi AŞPA-nın iyun sessiyasında bu ölkənin nümayəndə heyətinin səsvermə hüququnun dondurulması məsələsini araşdırmalıdır. Avropa Şurasının üzvü kimi Ermənistana etibar şübhə altındadır", -deyə Ermənsitanda keçirilən prezident seçkiləri ilə bağlı cümə axşamı AŞPA sessiyasında aparılan fövqəladə müzakirələr zamanı fransali deputat Jorj Colombye bildirib.

Ermənistanda keçirilən prezident seçkilərindən sonra baş verən hadisələrin əks olunduğu "Ermənistanda demokratik institutların fəaliyyəti" adlı 11579 saylı hesabatı fransali deputat Jorj Colombye ve britaniyali Con Preskot hazırlayıblar.

Britaniyalı deputat Preskot isə qeyd edib ki, Ermənistanın AŞPA-daki nümayəndə heyətinin səsvermə hüququnun dondurulması ilə baglı konsensusa gəlinməsi vacibdir.

Preskot bildirib ki, Ermənistan Avropa Şurasının tövsiyələrini yerinə yetirmir. Ona görə də fövqəladə müzakirələrin keçirilməsinə ehtiyac var: "Bu gün Ermənistanda demokratik institutlara qarşı etimad yoxdur və onların fəaliyyətinə şübhə ilə yanaşılır. Biz bu gün Ermənistanda nələrin baş verdiyini lazımı şəkildə öyrənməliyik. Ona görə də vəziyyətə aydınlıq gətirmək üçün xüsusi müstəqil istintaq aparılmasına böyük ehtiyac var. Belə istintaqın aparılması əhalinin demokratik inistutlara qarşı etimadının möhkəmləndirilməsinə xidmət edə bilər. Avropa Şurası və ümumilikdə beynəlxalq ictimaiyyət xüsusi monitorinq səviyyəsində bu istintaqın gedişatına kömək edə bilər".

Preskot qeyd edib ki, vəziyyət hazırkı şəkildə davam edərsə, Ermənistanın Avropa Şurasının üzvü kimi nüfuzuna böyük zərbə dəyəcək: "Bizim bu gün Ermənistana tövsiyəmiz belədir: əgər bizim bu təkliflərimizə müsbət reaksiya olmasa, bütün bunları növbəti sessiyaya qədər nəzərə alacağıq".

Tövsiyə xarakterli qətnamə layihəsinə bir neçə düzəliş və əlavə edildikdən sonra sənəd 93 səslə qəbul edilib.

Fevralın 19-da Ermənistanda prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hakimiyyətin namizədi, o vaxtkı baş nazir Serj Sərkisyanın 52,25% səs toplayaraq qalib gəldiyini açıqlayıb. Müxalifətin əsas namizədi olan eks-prezident Levon Ter-Petrosyanın tərəfdarları bununla razılaşmayaraq fasiləsiz aksiyalara başlayıblar. Dinc nümayişlər martın 1-dən 2-nə keçən gecə hüquq-mühafizə orqanları tərəfindən xüsusi qəddarlıqla dağıdılıb. On nəfər qətlə yeririlib, yüzlərlə adam yaralanıb və həbs olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti