...

Azərbaycanın müxalifətçi lideri Seçki Məcəlləsinə edilən dəyişiklikləri qənaətbəxş saymır

Siyasət Materials 22 May 2008 18:46 (UTC +04:00)
Azərbaycanın müxalifətçi lideri Seçki Məcəlləsinə edilən dəyişiklikləri qənaətbəxş saymır

Azərbaycan, Bakı, 22 may / Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalif Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri hesab edir ki, Seçki Məcəlləsinə edilən dəyişikliklərlə prezident seçkisində iştirak etmək mənasızdır. "Biz məcəlləyə dəyişikliklərin demokratik şərait yaradacağını gözləyirdik. Ancaq əksinə, Məcəlləyə edilən dəyişikliklər seçki islahatlarını unutdurmağa xidmət edir"- cümə axşamı jurnalistlərə AXCP sədri, "Azadlıq" blokunun həmsədri Əli Kərimli bildirib.

Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri nəzərdə tutan layihənin mayın sonunda Milli Məclisdə qəbulu gözlənilir. Dəyişikliklər sırasında dövlət kütləvi informasiya vasitələrində namizədlərin təbliğatının qadağan olunması, namizədlər üçün depozitin 33 min manatdan 300 min manata qaldırılması, namizədin imzatoplama kampaniyasının 35 gündən 10 günə endirilməsi, İnzibati Xətalar Məcəlləsinin tətbiqi nəticəsində namizədliyin qeydiyyatının ləğvinin sadələşdirilməsi kimi məsələlər müxalifətin narazılığına səbəb olub və partiyalar daxilində boykota meyl artıb.

Məcəllədə müxalifətin təklif etdiyi seçki komissiyaların paritet əsasda formalaşdırılması əksini tapmayıb.

"Azadlıq" blokunda cəmləşən müxalif Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları hələ ki seçkini boykot edəcəklərini açıqlayıblar.

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov isə, mayın 20-də jurnalistlərə bildirib ki, Azərbaycanda təxminən beş milyonluq seçici sayından 10 gün ərzində 45 min imza toplaya bilməyən şəxsin dövlət başçısı postuna iddialı olmağa mənəvi haqqı çatmır.

Seçki Məcəlləsinə əlavə və dəyişikliklər Avropa Şurası Venesiya Komissiyası ilə Azərbaycan hökumətinin birgə müzakirələrindən sonra edilib.

Kərimli deyib ki, Seçki Məcəlləsinə edilən dəyişikliklərin parlamentdə qəbulundan sonra "Azadlıq" bloku seçkidə iştirak edib-etməməsi ilə bağlı son qərar çıxaracaq. "Bugünkü mövqeyimiz ondan ibarətdir ki, demokratik seçki mühiti yaranmadığından, prezident seçkisi boykot edilməlidir"- Kərimli əlavə edib.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı isə, Trend -a deyib ki, müxalifət qabaqcadan prezident seçkisində uduzacağını bildiyindən, müxtəlif bəhanələrlə seçkidə iştirakdan yayınmaq istəyir.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti