Azərbaycan, Bakı, 05 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycanın eks-spikeri Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası (ACP) bəyan edib ki, müxalif Müsavat Partiyası prezident seçkisində iştirakdan imtina etməlidir. "Bu partiyanın başqanı İsa Qəmbərin yenidən seçkiyə qatılması onun siyasi naşılığından xəbər verir. Mənim fikrimcə, onun və indiyə qədər seçkiyə qatılıb qələbələrini təmin edə bilməyən müxalifət liderlərinin missiyası 2003-cü il prezident seçkisində başa çatıb", - deyə cümə axşamı Trend -a ACP liderinin müşaviri Zəminə Dünyamalıyeva bildirib.
Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partiyasının başqanı İsa Qəmbərin, ADP sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. Üç müxalifət partiyasının (Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib.
Dünyamalıyeva əlavə edib ki, ABŞ-da mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyevin və Rusiyada mühacir həyatı yaşayan eks-prezident Ayaz Mütəllibovun Azərbaycana qayıtması baş tutsa, müxalifət hansısa irəliləyişə nail ola bilər. "Əks təqdirdə, müxalifət heç bir ciddi nailiyyət əldə edə bilməyəcək. Seçkiyə qatılıb, qələbələrini təmin edə bilməyən ənənəvi müxalifət liderlərinin yenidən seçkiyə qatılmaq barədə qərar vermələrini absurd sayıram. Onlar özlərinə hörmət etməlidirlər",- deyən Dünyamalıyeva əlavə edib ki, ACP Quliyevin seçkiyə qədər ölkəyə qayıdışının baş tutacağına əmindir və ACP müxalifətin şansını Quliyevdə görür.
Müsavat Partityasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə cümə axşamı Trend -a deyib ki, Dünyamalıyevanın fikirləri düzgün deyil. Onun sözlərinə görə, indiki şəraitdə müxalifətin şansının Quliyevdə axtarılması mənasızdır. Çünki indiki hakimiyyətin dövründə Quliyevin Azərbaycana dönəcəyi inandırıcı deyil. Onun dönüşünün baş tutması üçün müxalifət hakimiyyətə gəlməlidir.
Sağ mərkəzçi, müxalifətyönlü ACP bu ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycanın eks-spikeri, hazırda mühacirətdə yaşayan Rəsul Quliyevdir. Bu ilin fevralınadək ADP-nin sədri olmuş Rəsul Quliyev və onun tərəfdarları etiraz olaraq ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.
Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]