...

"İlham Əliyevin namizədliyinin irəli sürülməsi Azərbaycan xalqının böyük əksəriyyətinin siyasi iradəsinin ifadə edilməsi nümunəsidir"- YAP-ın sədr müavini (video)

Siyasət Materials 2 Avqust 2008 16:32 (UTC +04:00)
"İlham Əliyevin namizədliyinin irəli sürülməsi Azərbaycan xalqının böyük əksəriyyətinin siyasi iradəsinin ifadə edilməsi nümunəsidir"- YAP-ın sədr müavini (video)

Azərbaycan, Bakı, 02 avqust / Trend , müxbir E.Babayev/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi Əli Əhmədovun Trend -a müsahibəsi

- Hakim partiyanın bu gün baş tutan qurultayı hansı atmosferdə keçdi?

- YAP-ın qurultayında yalnız bir məsələ müzakirəyə çıxarılmışdı - bu il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində hakim partiyanın prezidentliyə namizədini müəyyənləşdirib, irəli sürmək. Qurultaya qədər bölgələrdə YAP üzvlərinin keçirdikləri konfranslarda partiyamızın namizədi ilə əlaqədar qəti rəy formalaşmışdı.

Əslində bu rəy Azərbaycan cəmiyyətinin ab-havasından qaynaqlanır. Çünki Azərbaycan cəmiyyətinin seçki öncəsi əhval-ruhiyyəsinin gerçəkliyi ondan ibarətdir ki, əhalinin böyük əksəriyyəti prezident İlham Əliyevin namizədliyini dəstəkləyir. YAP cəmiyyətin bu əhval-ruhiyyəsinə uyğun olaraq, eyni zamanda cəmiyyətin istək və iradəsini ifadə edərək IV qurultayda İlham Əliyevin rəsmi şəkildə namizədliyini irəli sürmək məsələsini müzakirəyə çıxardı.

Qurultay yüksək əhval-ruhiyyədə keçdi. İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə əlaqədar qurultay nümayəndələrinin yekdil rəyini ifadə edən qərar qəbul olundu. Biz qurultayın müəyyənləşdirdiyi qərara uyğun olaraq partiyanın namizədinin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına müraciət edəcəyik. Qurultayda bütün çıxış edənlər birmənalı şəkildə bildirdilər ki, İlham Əliyevin namizədliyinin irəli sürülməsi əslində Azərbaycan xalqının böyük əksəriyyətinin siyasi iradəsinin ifadə edilməsi nümunəsidir. Digər tərəfdən YAP-ın sayı 450 mindən yuxarı olan üzvlərindən hər biri seçkilərin qanunauyğun, demokratik şəkildə keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək. Namizədimizin seçkilərdə yüksək səs toplamasını təmin edəcəyik.

- Qurultayda YAP sədri, prezident İlham Əliyevin seçkilərlə bağlı hər hansı tapşırıqları oldumu?

- Qurultayda İlham Əliyevin nitqinin əsas ana xətti Azərbaycanda son illərdə həyata keçirilən siyasətin uğurlarının təhlilinə və qarşıdan gələn dövr ərzində İlham Əliyevin həyata keçirmək istədiyi planların şərhinə həsr olunmuşdu. İlham Əliyevin proqram xarakterli çıxışında gələcək 5 illə bağlı səsləndirilən bütün fikirlər onu deməyə əsas verir ki, ötən 5 il ərzində Azərbaycanda əldə edilən nailiyyətlər, növbəti 5 ildə daha böyük nailiyyətlərin qazanılması üçün etibarlı zəmin yaradır.

Azərbaycan ötən 5 ildə böyük inkişaf mərhələsi keçib. İqtisadiyyatda, siyasətdə, sosial həyatda böyük uğurlar qazanılıb. Yaradılan bu baza növbəti 5 ildə İlham Əliyevin rəhbərliyi altında daha böyük nailiyyətlərin əldə edilməsinə inamı əhəmiyyətli dərəcədə gücləndirir.

Güman edirəm ki, Azərbaycan xalqı növbəti prezident seçkilərində bir daha İlham Əliyevi dəstəkləyəcək və qarşıdakı 5 il ərzində Azərbaycanın hazırda müşahidə etdiyimiz inkişaf tempindən də daha yüksək inkişaf dinamikası əsasında irəli getməsi üçün sanki prezidentə yenidən mandat vermiş olacaqlar. Hesab edirəm ki, belə bir qərarın qəbul olunması Azərbaycan xalqının mənafeyinə, milli maraqlarımıza və hər bir vətəndaşın maraqlarına uyğundur.

- YAP-ın qurultayı ilə bağlı müəyyən söz-söhbətlər var idi. Bildirilirdi ki, qurultayda müəyyən kadr dəyişiklikləri olacaq və partiyada bir narazılığın olduğu da iddia olunurdu. Mətbuatın qurultaya dəvət edilmədiyini nəzərə alaraq bilmək istərdik ki, ali toplantıda hər hansı narazılıq elementləri oldumu?

- Sizin qeyd etdiyiniz məqamlar müxalifət mətbuatında yer alırdı. Müxalifət mətbuatı əsas etibarilə həqiqət olmayanları yazır. YAP-ın qurultayında İlham Əliyevin namizədliyinin irəli sürülməsindən başqa, hər hansı məsələ müzakirə edilməyib və əvvəlcədən də belə bir niyyətimiz olmayıb. Müxalifət mətbuatında yazılanların heç bir əsası yoxdur. Onlar bu yazılarla guya YAP-ın sıralarında bir narazılıq yaratmaq istəyirdilər. YAP-ın qurultayı yüksək əhval-ruhiyyətdə keçdi. 600-dən yuxarı nümayəndə birmənalı şəkildə İlham Əliyevin namizədliyini dəstəklədi. Bütün partiya üzvlərinin iradəsi qurultayda ifadə olundu və çıxış edənlər bildirdilər ki, seçkilərdə İlham Əliyevin qələbəsini təmin etmək üçün hər cür fədakarlığa hazırdırlar. Bütün qurultaylarımız kimi, bu qurultay da yüksək həmrəylik və fəallıq şəratində keçirildi.

- Əli müəllim, seçkilərin demokratik keçiriləcəyi ilə bağlı istər müxalifətdə, istərsə də bəzi xarici siyasətçilərdə müəyyən şübhələr var. Bu günlərdə ABŞ Konqresinin Helsinki Komissiyasında da belə fikirlər səslənib və seçkiyə qədər qalan 3 ay ərzində çatışmamazlıqların aradan qaldırılacağına inam ifadə olunub. Sizcə, seçkilərin nəticələrinin indidən şübhə altına alınması üçün əsas mövcuddurmu?

- Hər bir ölkədə, o cümlədən Azərbaycanda çox yaxşı olardı ki, seçki ilə bağlı fikirləri ölkənin vətəndaşları səsləndirsinlər. Əlbəttə, Azərbaycan beynəlxalq birliyin üzvüdür və ayrı-ayrı beynəlxalq strukturların, dövlətlərin Azərbaycandakı proseslə bağlı rəyləri də bizim üçün əhəmiyyətlidir, bunlara biganə deyilik. Amma eyni zamanda, biz o mövqedən çıxış edirik ki, ölkənin taleyinin həll edilməsinin başlıca faktoru xalqın rəyi olmalıdır. Ölkəyə rəhbər seçilməsi kimi həlledici qərarlar Azərbaycan xalqının istəyinə uyğun şəkildə olmalıdır. İstəməzdim ki, Azərbaycandan kimsə ölkəmizdəki ictimai-siyasi proseslərlə bağlı Azərbaycandan kənarda olan qurumlarda və yaxud siyasətçilərdə mənfi rəy yaratmaq üçün səylər göstərsin.

Hər bir siyasətçinin davranışının əsasında Azərbaycan xalqının marağına uyğun hərəkət etmək istəyi dayanmalıdır. YAP olaraq biz bunu birmənalı şəkildə qəbul edirik və bütün siyasi tariximiz bunu sübut edir. Azərbaycanda şəffaf, ədalətli seçkilər keçirilməsi üçün hər cür imkan və şərait yaradılıb. Bunun nəticəsində Azərbaycan xalqı özünün iradəsini açıq şəkildə ifadə edə bilir. İlham Əliyevi dəstəkləmək, onun namizədliyini müdafiə etmək Azərbaycan xalqının iradəsini və istəyini açıq şəkildə ifadə etməyin bir nümunəsi sayılmalıdır. Ona görə də ayrı-ayrı xarici siyasətçilərin Azərbaycanda prezident seçkiləri ilə bağlı indidən tənqidi fikirlər söyləməsi üçün ciddi əsaslar yoxdur.

- İndiyə qədər keçirilən seçkilərdən fərqli olaraq müxalifətin ənənəvi simaları prezident seçkilərində iştirak etməmək qərarı veriblər. Müxalifət seçkiqabağı şəraitin və seçki qanunvericiliyinin qeyri-demokratik olduğunu bildirir. Belə fikirlər var ki, müxalifətin əsas simalarının seçkiyə qoşulmaması seçkinin alternativsiz şəraitdə keçməsi barədə rəy yaradacaq. Hakim partiyanın yaranmış bu vəziyyətə və müxalifətin mövqeyinə münasibəti necədir?

- Seçki və ənənəvi sima anlayışı bir-biri ilə ziddiyyət təşkil edir. Hər seçkinin bir məntiqi var. Bu da ondan ibarətdir ki, seçkidə iştirak edib məğlub olanlar öz siyasətlərində yumşaq şəkildə desək, ciddi korrektələr etməyə məcburdurlar. Bir qədər çılpaq şəkildə ifadə etsək, seçkidə uduzanlar bir qayda olaraq növbəti seçkilərə qatılmırlar və onların partiyasını başqa namizədlər təmsil edirlər. Amma Azərbaycanda qəribə bir reallıq formalaşıb - dəfələrlə seçkiyə qatılıb uduzan insanlar bir neçə dəfə seçkiyə qatılırlar, hər dəfə də uğursuzluğa düçar olurlar. Çox qəribə səslənən reallıq ondan ibarətdir ki, bir neçə dəfə seçkiyə qatılan və beləliklə özlərinin seçki uğursuzluqları ilə elektoratlarını bezdirən insanlar Azərbaycanda seçkiqabağı mühitin guya demokratik olmadığını bəhanə gətirərək, seçkilərdə iştirakdan imtina etmək haqqında qərar verirlər. Kiminsə seçkidə iştirak etməməsi Azərbaycanda prezident seçkiləri qabağı mühitin demokratik olmaması haqda fikir söyləməyə əsas vermir. O insanlar xalqın onlara münasibətindən çıxış edərək seçki ilə bağlı platformalarını və şanslarını təhlil etsinlər. Xalq bu insanları dəstəkləmək istəyirmi? Onlar seçkiyə qatılarlarsa, xalq onlara səs verəcəkmi? Xalq onları dəstəkləmirsə, bunun seçkiqabağı vəziyyətə nə dəxli var? Niyə özlərinin uğursuzluqlarını seçkiqabağı vəziyyətə kölgə salmaqda görürlər?

Bu, bəzi siyasi partiya təmsilçilərinin Azərbaycan xalqının iradəsinə hörmətsizliyidir. Bəzi müxalifətçilər açıq-aydın hiss edirlər ki, seçkiyə qoşulsalar, heç bir dəstək qazana bilməyəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti