Azərbaycan, Bakı, 15 avqust / , müxbir S.İlhamqızı,V.Javoronkova/ Qafqaz ölkələrinin münaqişələrlə bağlı mövqeləri fərqli olduğundan, Türkiyənin təklif etdiyi "Qafqaz Sabitlik Paktı" platformasının yaradılması yaxın illərdə mümkün görünmür.
"Bu təklifin qısa müddətdə nəticə verəcəyini düşünmürəm, çünki Qafqaz ölkələri münaqişələrlə bağlı fərqli mövqelərdən çıxış edirlər" - deyə "Türksam" Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin başqanı Sinan Oqan Trend - a bildirib.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Gürcüstanda baş verən münaqişənin dinc yolla nizamlanması və bölgədə sülhün təmin olunması üçün, Qafqaz ölkələrindən ibarət "Sabitlik Paktı" platformasının (Qafqaz İttifaqı) yaradılmasını təklif edir. "Bu fikirlərimi rus və gürcü həmkarlarımla da paylaşdım və onlardan bu məsələdə müsbət cavab aldım" - deyə Ərdoğan dünən Tbilisidə Gürcüstan prezidenti Mixail Saakaşvili ilə birgə keçirdiyi mətbuat konfransında açıqlama verib.
"Türksam" rəhbəri bildirib ki, Türkiyənin "Qafqaz sabitlik Paktı"nın yaradılması təklifi yeni ideya deyil. Bundan əvvəl Türkiyənin 9- cu prezident Süleyman Dəmirəl və Azərbaycanın eks -prezidenti mərhum Heydər Əliyev də bu təşəbbüsü gündəmə gətirmişdilər, lakin başqa dövlətlər buna müsbət yanaşmamışdı. Oqanın fikrincə, bu təklif hələ o zaman reallaşsaydı, bü gün Qafqazda indiki münaqişə ocaqları olmayacaqdı.
"Qafqaz İttifaqı ideyasının məhz indi həyata keçməsi artıq çox çətin görünür, çünki 10 illərdir Qafqazda hökm sürmüş tarazlıq Gürcüstanda baş verən son münaqişə ilə Rusiyanın lehinə pozuldu" - deyə politoloq bildirib.
Onun fikrincə, bu münaqişədə Rusiyanın Qafqazdakı rolu daha da gücləndi. Türkiyənin təklif etdiyi "Qafqaz İttifaqı" yaradılarsa, o zaman Türkiyənin bölgədə rolu və mövqeyi güclənəcək: "Rusiya isə, Türkiyənin bölgədə mövqeyinin güclənməsini heç vaxt istəməz" - deyə Oqan qeyd edib.
Türkiyəli politolqun fikrincə, Rusiya İttifaqla bağlı müzakirələrin tərəfdarı kimi çıxış edə bilər, lakin sonda bunun reallaşmasına imkan yaratmayacaq. Çünki Türkiyə ilə Rusiyanın Gürcüstanla bağlı mövqeləri fərqlidir. Ərdoğan Gürcüstanın ərazi bütövlüyünün Türkiyə üçün çox önəmli olduğunu deyib. Rusiyanın xarici işlər naziri Lavrov isə deyib ki, Gürcüstanın ərazi bütövlüyü məsələsi artıq yoxdur.
"Azərbaycan, Gürcüstan, Türkiyə ölkələrin ərazi bütövlüyünün tərəfdarıdırlar. Ermənistan, Rusiya isə, bu prinsiplərin əleyhinə çıxırlar. Bunlar mövqelərdəki çox ciddi fərqlərdir" - deyən politoloq bildirib.
Rusiyanın hazırda ən əsas hədəfi Gürcüstanda hakimiyyətin dəyişməsi və tarazlığa üstünlük verən liderin hakimiyyətə gəlməsidir.
"Mövqelərin və maraqların toqquşmasına görə, Qafqaz ölkələrinin sabitlik paktında birləşməsi mümkün deyil" - deyə politoloq vurğulayıb.
Rusiya İslam Komitəsinin sədri Heydər Camal da hesab edir ki, Türkiyənin təklifinin reallaşması mümkün görünmür.
"Belə bir İttifaqın yaradılması hələlik əməli cəhətdən mümkün deyil. Çünki Gürcüstan, Ermənistan amilləri burada konsensus əldə olunmasına imkan verməyəcək" - deyə Heydər Camal Trend -a bildirib.
Rusiyalı politoloqun fikrincə, bu qurumun yaradılması, Qafqazda sabitliyin təmin olunması ilə bərabər, həm də ABŞ -ın bu bölgədən sıxışdırılıb çıxarılması məqsədi güdür.
Camal hesab edir ki, Qafqaz İttifaqı təşəbbüsünə Şimali Qafqaz da aid edilməlidir. Amma bu ideyanın reallaşması üçün Qafqaz ölkələri hələ müəyyən bir yol keçməlidir.
"Ermənistan və Gürcüstan hal-hazırda Ərdoğanın təklifini qəbul etməyə hazır deyillər. Ona görə də hələlik bu təşəbbüs bir işarə xarakteri daşıyır və həyata keçəcəyi də real görünmür" - deyə rusiyalı politoloq vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]