...

Azərbaycanın aparıcı müxalifət partiyası seçkidə iştirakdan imtina edən partiyaların əməkdaşlıq formatında təmsil olunmaya bilər

Siyasət Materials 20 Avqust 2008 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir E.Babayev/ Müxalif Azərbaycan Demokrat Partiyası (ADP) qarşıdan gələn prezident seçkilərində iştirakdan imtina edən partiyaların yeni əməkdaşlıq formatında təmsil olunmaya bilər. "Biz əməkdaşlığın əsas prinsipi kimi seçkilərin qeyri-legitim olduğunun qəbul edilməsi şərtinin irəli sürülməsi ilə qətiyyən razı deyilik", çərşənbə günü Trend -a ADP sədri Sərdar Cəlaloğlu bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Üç müxalifət partiyasının (Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf) təmsil olunduğu "Azadlıq" bloku, Klassik Xalq Cəbhəsi, Açıq Cəmiyyət, Müsavat, Vətəndaş Həmrəyliyi, Demokrat, Böyük Quruluş, Azadlıq, Milli İstiqlal, Sosial Demokrat partiyaları, o cümlədən "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov seçkidə iştirakdan imtina ediblər.

"Azadlıq" blokunun Sədrlər Şurasının ötən həftənin sonu keçirilən toplantısında seçkidə iştirakdan imtina edən partiyaların əməkdaşlıq mərəkəzinin formalaşması barədə qərar verilib. Bu istiqamətdə danışıqlar aparmaq üçün blokun adından AXCP funksioneri Fuad Mustafayevə səlahiyyət verilib. Mustafayev bildirib ki, əməkdaşlığın əsas prinsipi seçkilərin qeyri-legitim olduğunun qəbul edilməsi və təsdiq olunmasıdır. "Hansı partiyalar ki, bunu edəcəklər, onlarla əməkdaşlıq dərhal başlanılacaq", - deyə o əlavə edib.

Cəlaloğlu vurğulayıb ki, hələlik ADP ilə bu istiqamətdə hər hansı danışıqlar aparılmayıb. "Ancaq indidən onu deyə bilərəm ki, biz belə bir şərtin əleyhinəyik", - deyən Cəlaloğlunun sözlərinə görə, hazırda Cənubi Qafqazda təhlükəli oyunlar gedir və xarici təhlükə aktuallaşır. Belə bir şəraitdə daxildə iqtidar və müxalifət qüvvələri arasında düşmənçilik münasibətlərinin olması xarici qüvvələrin burada öz siyasətlərini gerçəkləşdirmələrinə şərait yarada bilər.

Cəlaloğlu qeyd edib ki, ADP seçdiyi konstruktiv siyasi kursdan imtina etməyəcək. "Əksinə, biz digər radikal siyasi kursu davam etdirən partiyaları konstruktiv müxalifətçiliyə dəvət edirik. Radikal siyasi kurs yaxşı heç nə vəd etmir. İndiki şəraitdə radikal bəyanatların verilməsi əlavə problemlər doğura bilər", - deyə o əlavə edib. Cəlaloğlu onu da bildirib ki, indiyə qədər müxalifətin həyata keçirdiyi radikal siyasi kurs uğur gətirməyib.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti