...

Azərbaycanın müxalifətçi lideri hakimiyyətin namizədinin seçkidə qələbə qazanacağına əmindir

Siyasət Materials 22 Avqust 2008 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust / Trend , müxbir E.Babayev/ Müxalif Azərbaycan Demokrat Partiyası (ADP) bəyan edib ki, prezident seçkilərində hazırki dövlət başçısı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi qələbə qazanacaq.

"İlham Əliyev mövcud namizədlər üzərində yüzdə yüz qələbə qazanacaq. Bunu etiraf etməmək reallıq hissini itirmək deməkdir", cümə günü Trend -a ADP sədri Sərdar Cəlaloğlu bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Üç müxalifət partiyasının (Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf) təmsil olunduğu "Azadlıq" bloku, Klassik Xalq Cəbhəsi, Açıq Cəmiyyət, Müsavat, Vətəndaş Həmrəyliyi, Demokrat, Azadlıq, Milli İstiqlal, Sosial Demokrat partiyaları, o cümlədən "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov seçkidə iştirakdan imtina ediblər.

Bu həftənin cümə axşamı seçkidə iştirakdan imtina edən Böyük Quruluş Partiyası (BQP) seçkidə iştirak etməmək barədə qərarını dəyişib və partiyanın Ali Məclisi BQP sədri Fazil Qəzənfəroğlunun namizədliyini irəli sürüb. Bundan başqa, indiyə qədər prezidentliyə 16 iddialı arasından 6-sı siyasi partiyaların təmsilçiləridir. Bunlar hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev və Yaşıllar Partiyasının sədri Mais Güləliyevdir.

Cəlaloğlu vurğulayıb ki, bu namizədlərin heç biri ən demokratik seçkidə belə İlham Əliyevə qalib gələ bilməyəcək. Onun sözlərinə görə, hakimiyyətin resursları hazırda təqribən 80 faizlə ölçülür. Bu isə o deməkdir ki, hakimiyyətin namizədi mütləq səs çoxluğu ilə qələbə qazanacaq.

Cəlaloğlu əlavə edib ki, ADP özünün seçkidə iştirakdan imtina qərarına yenidən baxmayacaq. "Biz qərarımızı dəyişsək, seytnot vəziyyətə düşə bilərik. Çünki bundan sonra namizədin qeydiyyatı üçün ən azı 40 min imzanın toplanması və digər addımların atılması mümkünsüzdür", - deyən Cəlaloğlu vurğulayıb ki, ADP seçkidə iştirak etməyi milli maraqlara xidmət etmək kimi qəbul edir. Lakin ADP Seçki Məcəlləsinə edilən son əlavə və dəyişikliklərdən sonra məcbur olaraq seçkidə iştirakdan imtina edib.

"Təsəvvür edin ki, qanunvericiliyə dəyişiklikdən sonra namizədlər yalnız İctimai Televiziyada pulsuz efir vaxtından istifadə edə biləcək. Bu kanal bütün ölkə ərazisində yayımlanmır. Üstəlik bizim araşdırmalarımıza görə əhalinin kiçik bir kəsimi bu kanala baxır.Təşviqat üçün ayrılan müddətin də qısaldıldığını nəzərə alsaq, seçkidə nailiyyət əldə etmək mümkün deyil", - deyən ADP sədri hesab edir ki, mövcud şərtlər daxilində yalnız hakim partiya uğurlu seçki kampaniyası aparmaq imkanına malikdir. "Seçkidə qələbə əldə etmək üçün vaxt, maliyyə və insan resursları lazımdır. Bu resurlslar olmadığına görə, biz seçkidə iştirak etməyi məqbul saymadıq", - deyə o əlavə edib.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya 2007-ci ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti