Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Ermənistan parlamentinin Maliyyə-büdcə komissiyasının sədri Qaqik Minasyanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İqtisadi Komitəsinin iclasında iştirak etmək üçün sentyabrın səkkizində Azərbaycana gələcəyi gözlənilir.
"Təşkilatın beynəlxalq katibliyi tərəfindən üzv olan bütün ölkələrə, o cümlədən Ermənistana dəvət göndərilib. Əgər ermənilər iclasa gəlmək istəsələr, Azərbaycan onları qəbul etməyə hazırdır", - deyə cümə günü Trend -a Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev bildirib.
Trend -un arayışı: Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında 12 ölkə təmsil olunur.
Hacıyev qeyd edib ki, təşkilatın İqtisadi Komitəsinin iclası sentyabrın 9 -10 Bakıda keçiriləcək: "Minasyan İqtisadi Komitənin sədridir. Ermənilərin iclasa dəvət edilməsi Azərbaycanın beynəlxalq öhdəliklərindən irəli gəlir. İclası təşkil edən tərəf bütün üzv ölkələrin orada iştirakını təmin etməlidir".
Onun sözlərinə görə, iclasda Qara dəniz bölgəsinin Dünya Ticarət Təşkilatına inteqrasiyası məsələsi müzakirə olunacaq.
"Müzakirə olunan məsələ Baş Assambleyanın noyabrda keçiriləcək iclasına çıxarılacaq. Qəbul olunacaq tövsiyələr isə, üzv ölkələrin parlamentlərinə göndəriləcək", - deyə Hacıyev əlavə edib. Vitse-prezident bildirib ki, Komitənin iclasının əvvəlcə oktyabrda keçirilməsi planlaşdırılsa, həmin dövrdə Azərbaycanda prezident seçkiləri keçirildiyi üçün, iclasın vaxtı sentyabra dəyişdirilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]