...

Azərbaycanın hakim partiyası təbliğat-təşviqat kampaniyasına kütləvi aksiya ilə start verəcək (video)

Siyasət Materials 15 Sentyabr 2008 17:55 (UTC +04:00)
Azərbaycanın hakim partiyası  təbliğat-təşviqat kampaniyasına kütləvi aksiya ilə start verəcək (video)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir C.Babayeva/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) prezidentliyə namizədinin təbliğat-təşviqat kampaniyasına kütləvi aksiya ilə start verəcək.

"Yeni Azərbaycan Partiyası sentyabrın 17- də prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyasına strat verilən gün Bakı Şəhər İcra Hakimiyyətinin kütləvi tədbirlərin keçirilməsi üçün ayrılmış yerlərin siyahısında olan Bibiheybət stadionunda mitinq keçirəcək" - bazar ertəsi YAP-ın icraçı katibi Əli Əhmədov Trend -a müsahibəsində bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək. Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası sentyabrın 17- də başlayacaq və 28 gün davam edəcək.

Əhmədovun sözlərinə görə, Bibiheybət stadionunda kütləvi aksiya keçirməklə hakim partiya bir daha müxalifət partiyalarına nümunə göstərəcək.

"Müxalifət partiyalarına çatdırmaq istəyirik ki, küiləvi aksiyaların keçirilməsi üçün ayrılmış yerləri siyasiləşdirməyə heç bir ehtiyac yoxdur. Siyasi partiyanın tərəfdarları varsa və həmin tərəfdarlar partiyanın kütləvi aksiya keçirməklə bağlı qərarını dəstəkləyirlərsə, kütləvi aksiyalar üçün ayrılmış istənilən yerdə siyasi partiya müvəffəqiyətlə kütləvi tədbiri keçirə bilər. Əsas odur ki, kütləvi aksiyada yetərli sayda iştirakçılar olsun",- deyə o bildirib.

YAP-ın icraçı katibi mitinqdə partiyanın Bakı şəhərində olan tərəfdarlarından 30-35 min nəfərinin iştirak edəcəyini bildirib. "Stadion bu sayda iştirakçı tuta bilər. Aksiyada partiyanın tərəfdarları, İlham Əliyevin vəkilləri və onun təbliğat-təşviqat kampaniyasında yaxından iştirak edən, onun namizədliyini fəal dəstəkləyən şəxslər iştirak edəcək.

Əhmədov ilk kütləvi aksiyadan sonra təşviqat kampaniyasının Azərbaycanın bütün regionlarını, kəndlərini, şəhərlərini, rayon mərkəzlərini və qəsəbələrini əhatə edəcəyini bildirib.

YAP 1992-ci ildə, o vaxt Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləmiş Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 1993 - cü ildən hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti