...

İran-MAQATE müzakirələrində irəliləyiş yoxdur – MAQATE rəhbəri

Siyasət Materials 16 Sentyabr 2008 13:44 (UTC +04:00)
İran-MAQATE müzakirələrində irəliləyiş yoxdur – MAQATE rəhbəri

Azərbaycan, Bakı,16 sentyabr / Trend , müxbir T.Cəfərov / Beynəlxalq Atom Enerji Təşkilatının (MAQATE) bazar ertəsi yaydığı məruzəsində İranın uranın zənginləşdirilməsi proqramının hərbi məqsədlər üçün nəzərdə tutulmasına dair ittihamların araşdırılması istiqamətində irəliləyiş olmadığı qeyd olunub.

MAQATE rəhbəri Məhəmməd Əlbəradei sentyabrın 15-də bildirib ki, İranın uranın zənginləşdirilməsi proqramı ilə bağlı şübhələrin araşdırılmasına dair müzakirələrdə irəliləyiş yoxdur.

İranın MAQATE-dəki nümayəndəsi Əli Əsğər Sultaniyyə bildirib ki, uranın zənginləşdirilməsi İranın qanuni haqqıdır. O əlavə edib ki, İran MAQATE-nin uranın zənginləşdirilməsinin hərbi məqsədlər üçün olmasına dair bütün ittihamlarını cavablandırıb.

Məruzədən dərhal sonra Ağ Ev, İran MAQATE-nin şərtlərinə tabe olmayacağı təqdirdə, ölkəyə qarşı sanksiyaları daha da sərtləşdirəcəyini bildirib.

"Məruzədə aydın şəkildə qeyd olunur ki, İran MAQATE ilə əməkdaşlıqdan bir daha boyun qaçırıb", - deyə Ağ Ev-in sözçüsü Qordon Candro bildirib.

O əlavə edib ki, İranın MAQATE-nin tələblərindən boyun qaçırması bu ölkənin əhalisinin təcridinə səbəb olacaq: "Biz bu ölkədən uranın zənginləşdirilməsi proqramını dayandırmasını istəyirik. Əgər İran bu proqramı dayandırmasa, BMT Təhlükəsizlik Şurası (TŞ) tərəfindən yeni sanksiyalarla üzləşəcək".

İranın MAQATE-dəki nümayəndəsi Sultaniyyə isə Əlbəradeinin sözlərinə münasibət bildirərkən onların iddialarının dəlilsiz olduğunu və bir noutbukun məlumatına əsaslandığını bildirib.

Keçən il Amerika adı açıqlanmayan iranlı bir diplomatın noutbukunda hərbi nüvə texnologiyası ilə bağlı sənədlər aşkar edərək, MAQATE rəhbərinə təqdim etmişdi. Sultaniyyə əlavə edib ki, MAQATE bu sənədləri yazılı olaraq İrana təqdim etməli idi.

BMT Təhlükəsizlik Şurası indiyədək İrana qarşı üç Qətnamə qəbul edib. BMT TŞ İrandan uranın zənginləşdirilməsi proqramını dayandırmasını tələb edir.

Yuxarıda sözügedən məruzə Beynəlxalq Atom Enerji Təşkilatının Hakimlər Şurasında araşdırıldıqdan sonra növbəti həftə BMT Təhlükəsizlik Şurasına təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti