...

Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin şəhərin mərkəzindəki meydanlardan birində etiraz aksiyası keçirməsinə icazə verməyib

Siyasət Materials 25 Sentyabr 2008 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycanda keçiriləcək prezident seçkisini boykot edən müxalifət təşkilatlarının sentyabrın 28 - də şəhərin mərkəzindəki meydanlardan birində etiraz aksiyası keçirməsinə icazə verməyib.

"Bakı Şəhər İcra Hakimiyyəti Bibiheybətdə mitinqin keçirilməsinə icazə verib. Lakin biz orada mitinq keçirməyəcəyik" - cümə axşamı Trend - a Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Həsən Kərimov məlumat verib.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Sentyabrın əvvəlində "Azadlıq" blokuna daxil olan partiyalar - Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf partiyası, Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum oktyabrın 15 - də keçiriləcək prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib.

Bəyanatı imzalamış siyasi təşkilatlar sentyabrın 28 - də Bakının mərkəzi meydanlarının birində mitinq keçirməyə qərar veriblər. Mitinq üçün yerin ayrılması ilə bağlı siyasi təşkilatlar sentyabrın 22 - də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər.

Müraciətdə Bakının doqquz mərkəzi meydanı, həmçinin, əvvəllər kütləvi aksiyalar keçirilmiş Nərimanov kino - teatrının qarşısındakı meydan, Elmlər Akademiyası yaxınlığındakı bağ, Hüseyn Cavid və Füzuli bağları göstərilib.

Kərimov qeyd edib ki, müxalifət son qərarını sabah keçirəcəyi müzakirələrdən sonra verəcək. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavininin sözlərinə görə, onlar hakimiyyətin ayırdığı yerlərdə aksiya keçirməyəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti