...

Azərbaycanda keçiriləcək prezident seçkisini boykot edən müxalifət təşkilatları etiraz aksiyasını təxirə salıblar

Siyasət Materials 25 Sentyabr 2008 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda keçiriləcək prezident seçkisini boykot edən müxalifət təşkilatları sentyabrın 28 - də şəhərin mərkəzində yerləşən meydanlardan birinə təyin etdikləri etiraz aksiyasını təxirə salıblar. "Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, şəhərin kənarında etiraz aksiyası keçirməyəcəyik", - bu barədə cümə axşamı Trend - a Müxalifətin Əməkdaşlıq Mərkəzində təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 -də keçiriləcək. Sentyabrın əvvəlində "Azadlıq" blokuna daxil olan partiyalar -- Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf partiyası, Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum oktyabrın 15 - də keçiriləcək prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib.

Bəyanatı imzalamış siyasi təşkilatlar sentyabrın 28 -də Bakının mərkəzi meydanlarının birində mitinq keçirməyə qərar veriblər. Mitinq üçün yerin ayrılması ilə bağlı, siyasi təşkilatlar sentyabrın 22 - də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətdə aksiyanın 9 meydandan birində keçirilməsinə razılıq verilməsi xahiş olunurdu. Bunlar Prezident Aparatının 200 metr radiusunda olan "Azneft" meydanı, Milli Məclisin 200 metrilk radiusunda yerləşən Əzizbəyov heykəlinin qarşısı, Nazirlər Kabinetinin 200 metrliyindəki Teleteatrın binası qarşısındakı meydan, "Nərimanov" kino -teatrının qarşısındakı meydan, Cəfər Cabbarlı meydanı, Füzuli meydanı, Gənclik meydanı, Milli Elmlər Akademiyasının qarşısındakı meydan və Hüseyen Cavid bağı idi.

Bakı Şəhər İcra Hakimiyyəti cümə axşamı aksiyanın "Neftçi" İdman -Sağlamlıq Mərkəzinin Bibiheybətdəki stadionunda keçirilməsinə icazə verib.

Əliyev qeyd edib ki, aksiyaya icazə vermədiyinə görə, Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcəklər.

Partiya sədri hesab edir ki, icra hakimiyyətinin qərarı Azərbaycanın qanunlarına ziddir.

"İcazəsiz aksiyalarda, əsasən, müxalifət partiyalarının funksionerləri iştirak edirlər. Onların gücü ilə polis toqquşmasına gedilməsi mümkün deyil. Bizim də funksionerlərimizi öz əlimizlə həbsə atmaq fikrimiz yoxdur. Hakimiyyət seçkini boykot edən qüvvələrə qarşı aqressiv davranır. Hesab edirik ki, icazəsiz aksiya keçirilsə, daha çox partiya üzvü sıradan çıxar və təhlükələrlə üz-üzə qalar", - deyə partiya sədri əlavə edib.

Onun sözlərinə görə, yaxın günlərdə Müxalifətin Əməkdaşlıq Mərkəzində təmsil olunan partiya və təşkilat sədrləri müzakirələr aparıb, növbəti addımlarla bağlı son qərar verəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti