Azərbaycan, Bakı, 15 oktyabr, / Trend müxbir A.Hüseynbala / Azərbaycan prezidenti seçkisində səsvermə prosesini Yeni Azərbaycan Partiyasından Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş beş mindən artıq müşahidəçi izləyir.
Partiyanın mətbuat xidmətindən Trend -a verilən məlumata görə, YAP-ı təmsil edən müşahidəçilərin verdiyi məlumatlara görə, səsvermə qanunvericilikdə nəzərdə tutulmuş vaxtda, saat 8.00-da seçicilərin nəzərəçarpan fəallığı şəraitində başlayıb.
Səsvermənin ilk dörd saatı ərzində seçki məntəqələrində hər hansı qanun pozuntusu qeydə alınmayıb.
Lakin bütün bunlara baxmayaraq, YAP-ın müşahidəçiləri tərəfindən bəzi siyasi qüvvələr, xüsusilə də, seçkilərdə iştirak etməyən siyasi partiyaların təmsilçiləri və seçkiləri izləyən müşahidəçiləri tərəfindən qanunvericilikdə nəzərdə tutulmayan və məntəqə seçki komissiyalarının fəaliyyətini pozmağa yönəlmiş fəaliyyətləri barədə məlumatlar qeydə alınıb.
Verilən məlumata görə, dövlət qeydiyyatı olmayan "Seçki Monitorinq Mərkəzi"nin 82 saylı Ağcabədi və 83 saylı Ağcabədi-Ağdam seçki dairələrində səsvermə prosesini müşahidə etmək üçün seçkilərdə iştirak etməyən partiyaların nümayəndələrindən formalaşdırdığı 13 nəfərdən ibarət müşahidəçi qrupu bəyanat yayıb.
Bəyanat müəllifləri qurumun onları seçki prosesində ciddi qanun pozuntularına yol verilməsi barədə saxta aktlar tərtib etməyə və beynəlxalq müşahidəçilərin məntəqələrə baxışı zamanı məntəqə seçki komissiyalarının fəaliyyətini iflic vəziyyətinə salmaq göstərişlərinin verildiyini bildiriblər.
Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]