Azərbaycan, Bakı, 10 noyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan İraqdakı sülhməramlı qüvvələrini geri çağırır.
"Azərbaycan prezidenti qanunvericilik təşəbbüsü ilə İraqdakı sülhməramlıların geri çağırılması ilə bağlı qanun layihəsini parlamentə göndərib", - bazar ertəsi Trend -a parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, deputat Zahid Oruc bildirib.
Trend -un arayışı: Azərbaycan Silahlı Qüvvələrinin İraqda Çoxmillətli Qüvvələrin tərkibində 150 hərbçisi var.
Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda isə Azərbaycanın 90 sülhməramlısı xidmət edir, həmin əsgərlər Kabil şəhərində post patrul xidməti həyata keçirirlər.
Azərbaycan Parlamenti bu il martın 4- də Kosovonun birtərəfli şəkildə Serbiyadan ayrılaraq, müstəqilliyini elan etməsindən sonra yaranmış siyasi vəziyyətlə əlaqədar olaraq, vilayətdə xidmət edən 34 azərbaycanlı sülhməramlının geri çağırılması haqda qərar qəbul edib.
Oruc qeyd edib ki, azərbaycanlı sülhməramlıların İraqda bir müddət xidmət etməsi nəzərdə tutulurdu.
"Həmin müddət artıq başa çatıb. Bunu nəzərə alaraq məsələyə baxılması üçün parlamentə müraciət olunub. Parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası yaxın günlərdə məsələyə baxacaq. Bundan sonra qanun layihəsi parlamentdə müzakirə olunacaq. Hesab edirəm ki, parlament İraqdakı azərbaycanlı sülhməramlıların geri çağırılmasını dəstəkləyəcək. Mən bu qanunun lehinə səs verəcəyəm", - deyə deputat əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]