...

Azərbaycan Aİ-nin enerji təchizatının diversifikasiyası üzrə yardımında vacib rol oynayır - Litva prezidenti ilə müsahibə

Siyasət Materials 13 Noyabr 2008 09:01 (UTC +04:00)
Azərbaycan Aİ-nin enerji təchizatının diversifikasiyası üzrə yardımında vacib rol oynayır - Litva prezidenti ilə müsahibə

Azərbaycan, Bakı, 12 noyabr/ Trend , müxbir E.Tariverdiyeva/ Trend -un noyabrın 14-də Enerji Sammitində iştirak üçün Bakıya səfəri ərəfəsində Litva prezidenti Valdas Adamkusla müsahibəsi

- Litva Azərbaycanla enerji sahəsində əməkdaşlığı necə görür?

- Azərbaycanla münasibətlərin dərinləşdirilməsi yalnız Litva üçün yox, bütün Avropa İttifaqı üçün Qafqaz və Mərkəzi Asiyada prioritetlərdən biri olmalıdır. Azərbaycan Aİ-nin enerji təchizatının diversifikasiyası üzrə yardımında vacib rol oynayır. Azərbaycan regionda yeni enerji layihələrinin uğurlu realizəsi üçün əsas oyunçudur. Və bu, yalnız sizin ehtiyatlardan deyil, həm də Mərkəzi Asiya ölkələri ilə mehriban və dost münasibətlərinizdən asılıdır.

Qeyd etmək vacibdir ki, Aİ Azərbaycanın təklif etdiyi imkanlara adekvat reaksiya göstərir və onlardan istifadə edir. Etibarlı enerji təchizatı bütün idxalçı ölkələr, ixracatçı ölkələr və tranzit dövlətlər üçün faydalıdır. Bununla əlaqədar olaraq, belə səylər güclü siyasi iradəylə möhkəmləndirilməlidir.

Biz səmimi olaraq, Odessa-Brodı-Plotsk-Qdansk enerji dəhlizinin yaradılması ilə Azərbaycanın Avropada daha sıx iştirakını görməyə ümid edirik. Hazırki məqamda o, bu sahədə daha real layihələrdən biridir və biz onun uğurla həyata keçirilməsində bir yerə toplaşmalıyıq. Layihənin texniki-iqtisadi əsaslandırılması artıq başa çatıb. Bakıda - neft dəhlizinin keçdiyi şəhərdə planlaşdırılan Enerji Sammitindən sonra əməli realizə mərhələsinə başlamaq rəmzi olardı.

- Litva Azərbaycandan neft və neft məhsullarının alınmasında maraqlıdırmı və bunu necə həyata keçirmək olar?

- Bu, xüsusilə də Odessa-Brodı-Plotsk layihəsinin realizəsindən asılı olacaq. Xəzər nefti bu boru kəməri vasitəsilə Polşaya çatmalıdır. Buradan neft Litvadakı "Majeykyu Nafta" NEZ-ə gətiriləcək, o isə öz növbəsində qonşu bazarlara neft məhsulları tədarük edəcək. İdxalın daha çox cəlbedici bir variantı Klaypeda limanında illik gücü 9 mln. ton olan neft və neft məhsullarının aşırılması üçün terminaldır.

- Azərbaycan-Litva münasibətlərinin dinamikası necədir və əməkdaşlığın prioritet sahələri hansılardır?

- Bu gün Litva və Azərbaycanı dostluq, dinamik siyasi, iqtisadi və mədəni münasibətlər birləşdirir və biz bunu çox qiymətləndiririk. Biz birlikdə GUAM təşkilatının möhkəmləndirilməsi, Baltik, Qara və Xəzər dənizləri regionlarının ölkələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində işləyirik və enerji sahəsində əməkdaşlığın daha intensiv olmasına can atırıq. Hər iki ölkə Bakı və Vilnüsdə səfirliklərini açıblar ki, bu da bizim əməkdaşlığın möhkəmləndirilməsinə sadiq olduğumuzu göstərir.

Biz münasibətlərimizin gələcək möhkəmləndirilməsi və dərinləşməsi, sərmayə axınlarının artması, nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi, infrastruktur layihələrinin inkişafı, mədəni və tələbə mübadiləsinin aparılması üçün yeni yollar tapmalıyıq. Mən bunun üçün çox imkan görürəm.

Məsələn, Azərbaycandakı müəssisələr Litvada o cümlədən enerji layihələrinə sərmayə imkanlarından daha effektli istifadə edə bilərlər. Bununla əlaqədar olaraq, Litva Azərbaycan üçün bütün Avropa İttifaqında biznes aparılmasında qapı ola bilər.

Biz sahibkarlarımız üçün vacib əhəmiyyət daşıyan nəqliyyat sektoruna lazımi diqqət ayırmalıyıq. Çoxtərəfli aspektdə GUAM və TRASEKA layihəsi kimi formatlar Qafqaz vasitəsilə Asiyanı və Avropanı bağlayan beynəlxalq nəqliyyat dəhlizinin təmin edilməsində vacib alətə çevrilir.

Hesab edirik ki, Litvanın Klaypeda limanını Odessa Qara dəniz limanı ilə bağlayan "Vikinq" konteyner qatarının işə salınması üzrə Litva, Belarus və Ukraynanın iştirakı ilə imzalanan üçtərəfli layihə sizin ölkə üçün cəlbedici olacaq. Biz, Azərbaycandan "Vikinq"in Bakıyadək uzadılması üzrə müsbət cavab gözləyirik. Əminik ki, bu qatarın effektli fəaliyyəti Baltik, Qara dəniz və Xəzər dənizləri regionları arasında beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında real addım ola bilər.

Böyük planlar və çox sayda yeni imkanlara malik olmaqla, sahibkarlarımızın tələblərinə daha yaxşı cavab verəcək Litva-Azərbaycan daimi hökumətlərarası komissiyanı yaratmaq da faydalı olardı. Litva artıq çox sayda ölkə ilə belə qruplar yaradıb və Azərbaycanla - bizim mehriban dostumuz və etibarlı tərəfdaşımızla da belə qrupun yaradılmasında maraqlıdır.

Xəbər lenti

Xəbər lenti