...

Azərbaycanda proporsional seçki sisteminin bərpası üçün imzatoplama kampaniyasına başlanılıb

Siyasət Materials 10 Dekabr 2008 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr/ Trend , müxbir A.Hüseynbala/ Azərbaycanda proporsional seçki sisteminin bərpa olunması üçün 1500-ə yaxın seçici imzası toplanılıb.

"Proporsional seçki sisteminin bərpa olunması üçün yaradılan təşəbbüs qrupunun üzvləri indiyədək 12 müxalif partiyaya müraciət edib və onların hamısı təşəbbüsü dəstəkləyiblər", - çərşənbə günü Trend -a təşəbbüs qrupunun üzvü, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədr müavini Vahid Nəzərov bildirib.

Trend -ın arayışı: 2002-ci ilədək Azərbaycanda parlament seçkiləri qarışıq sistem üzrə - majoritar və proporsional olmaqla keçirilirdi. 2002-ci ildə Konstitusiya islahatları ilə bağlı keçirilən referendumla proporsional seçki sistemi ləğv olunub və bütövlükdə majoritar sistemə keçirilib.

Müxalif ALDP noyabr ayında proporsional seçki sisteminin bərpa olunması üzrə təşəbbüs qrupu yaradıb. Təşəbbüs qrupunun 55 nəfər üzvü seçilib. Həmin qrup ALDP adından Azərbaycanda fəaliyyət göstərən bütün partiyalara proporsional seçki sisteminin bərpa olunması üçün imza toplama kampaniyasına qoşulmağı təklif edir.

Təşəbbüs dəstəklənərsə, 600 minə yaxın seçici səsi toplanılıb Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq. MSK isə həmin imzaları təsdiqlədikdən sonra proporsional seçki sisteminin bərpası üçün Milli Məclisə göndərəcək.

Hakim Yeni Azərbaycan Partiyasını təmsil edən bir neçə deputat da proporsional seçki sisteminin bərpasının tərəfdarıdır.

Onun sözlərinə görə, məsləhətləşmələr başa çatandan sonra dekabrın axırında təşəbbüsü dəstəkləyən siyasi partiyaların iştirakı ilə Dəyirmi masa keçiriləcək.

"Biz artıq imzatoplama kampaniyasına start vermişik. Məndə olan məlumata görə, təşəbüssü dəstəkləyən partiyalarda da imzatoplama kampaniyası aparılır", - Nəzərov vurğulayıb. Proporsional seçki sisteminin bərpa olunması ilə bağlı ALDP-nin təşəbbüsünü dəstəkləyən partiyalara gəldikdə, Nəzərovun sözlərinə görə, onların arasında Müsavat, Liberal, Ədalət, Demokrat partiyaları da var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti