...

Rusiya Müdafiə Nazirliyi Ermənistana silah verilməsi ilə bağlı rəsmi mövqeyini yanvarın 20-dək təqdim edəcək

Siyasət Materials 13 Yanvar 2009 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar/ Trend , müxbir E.Tariverdiyeva, R.Ağayev/ Rusiya Müdafiə Nazirliyi ölkənin hərbi bazalarından birindən Ermənistana 800 mln. dollar həcmində silah-sursatın verilməsi məsələsi üzrə rəsmi mövqeyini yanvarın 20-dək təqdim edəcək. Bu barədə Trend -a Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. 

Bəzi kütləvi informasiya vasitələri Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasından həcmi təqribən 800 mln. dollar olan silah və hərbi texnikanın Ermənistana verilməsi barədə məlumatlar yayıb.

Bazar ertəsi Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov respublikanın Xarici İşlər Nazirliyinə dəvət olunub. Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovla keçirilən görüş zamanı  səfir İstratovdan Rusiyanın Ermənistandakı bazasından Ermənistan Silahlı Qüvvələrinə 800 mln. dollar həcmində silah verilməsi barədə yayılan informasiyaların nə dərəcədə həqiqətəuyğun olub-olmadığı rəsmi olaraq soruşulub. İstratov isə Rusiya tərəfinin bu məsələyə aydınlıq gətirəcəyini bildirib.

"Biz hazırda məsələ üzərində iş apardığımızdan bu faktı nə təsdiq, nə də inkar edirik", - deyə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti