...

Avropa Şurası Parlament Assambleyasında azərbaycanlıların Ermənistandan deportasiyası ilə bağlı bəyanatın qəbulu gözlənilir

Siyasət Materials 16 Yanvar 2009 15:31 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasında azərbaycanlıların Ermənistandan deportasiyası ilə bağlı bəyanatın qəbulu gözlənilir

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanı Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) təmsil edən nümayəndə heyəti azərbaycanlıların Ermənistandan deportasiyasının 60 iliiyi ilə bağlı bəyanat hazırlayıb.

"Bu bəyanatın Avropa Şurası Parlament Assambleyasının sənədi kimi tanınması üçün bəyanatı ən azı beş ölkənin 20-dən çox millət vəkili imzalamalıdır", - cümə günü Trend -a Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bildirib.

Trend -un arayışı: XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı -  1948-1956, 1987-1988-ci illər adlı - dörd mərhələyə bölünür. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyib. Addəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəz edilib.

AŞ PA-nın qış sessiyası yanvarın 26-da başlayır.

Paşayevanın sözlərinə görə, bəyanatın qəbuluna nail olmaq üçün problemlə üzləşməyəcəklər. Çünki AŞ PA-da ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlardan, Ermənistanın işğalçılıq siyasətindən kifayət qədər xəbərdar olan millət vəkilləri var.

Millət vəkili deyib ki, Stalinin vaxtında deportasiya olunan bütün xalqların öz yurd-yuvalarına dönmə haqqı tanınıb. "Amma 1948-ci ildə deportasiya olunan azərbaycanlıların geri qayıtmaq haqqını bu günə qədər Ermənistan tərəfi tanımaq istəmir. 60 ildən artıqdır ki, Ermənistan tərəfi həmin insanların haqlarını pozur" - nümayəndə heyətinin üzvü vurğulayıb.

Paşayevanın sözlərinə görə, bəyanatda qeyd edilib ki, insan haqlarını özünün prioriteti elan edən Avropa Şurası 60 ildir hüquqları tapdalanan azərbaycanlıların haqlarının tanınması istiqamətində Ermənistana təsir və təzyiqlərini göstərməlidir. "Sənəddə vurğulanıb ki, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin laqeyd münasibəti nəticəsində 1988-ci ildə Ermənistan bu gün Avropa Şurasının da qarşı çıxdığı monoetnik dövlət yaratmaq siyasətini davam etdirərək, bütün azərbaycanlıları öz doğma yurd-yuvalarından qovub", - millət vəkili bildirib.

Paşayeva qış sessiyasında ermənilərin azərbaycanlılara qarşı 90 il əvvəl Qubada törətdiyi soyqırımla da bağlı məsələ qaldırılacağını deyib: "AŞ PA-nın prezidenti cənab De Puç ötən il Milli Məclisin sədri Oqtay Əsədovun dəvətilə həmin məzarlıqda olarkən dəhşətə gəldiyini bildirmişdi. Biz bununla da bağlı həm bəyanat, həm də videoçarx hazırlamışıq", - millət vəkili vurğulayıb.

Trend -un arayışı: 2007-ci il aprelin ortalarında Quba şəhər stadionunun tikintisi zamanı kütləvi insan məzarlığı aşkarlanıb. Ekspertlər müəyyən ediblər ki, burada insanların nizamsız şəkildə dəfn olunması və digər amillər onların 1918-ci ildə ermənilərin soyqırımına məruz qaldığını sübuta yetirib.

Onun sözlərinə görə, AŞ PA-nın qış sessiyasında qaldırılacaq digər məsələ Rusiyanın işğalçı Ermənistana 800 milyon dollarlıq hərbi silah-sursat yardım etməsi ilə bağlı olacaq: "Bu, Azərbaycanın ərazilərini işğal edən bir ölkənin işğalçılıq siyasətini davam etdirməsini dəstəkləmək faktı kimi qiymətləndirilməlidir. Yardımı edən isə Avropa Şurasının üzvü olan digər ölkə Rusiyadır. Bu, beynəlxalq hüquq normalarının pozulmasıdır", - Paşayeva qeyd edib. 

Trend -un arayışı: Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyanı Azərbaycan torpaqlarını işğal edən Ermənistana 800 mln. dollar həcmində silah-sursat verməklə onun hərbi potensialını gücləndirməkdə ittiham edib.

Nazirliyin cümə axşamı yayılan bəyanatında bildirilir ki, bu, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması barədə Konvensiyasına ziddir. Söhbət Rusiyanın münaqişə tərəflərindən birinə qanunsuz dəstək üzrə öhdəlikləri pozmasından gedir.

Rusiyanın xarici işlər naziri Segey Lavrov isə Moskvada keçirdiyi mətbuat konfransında təmsil etdiyi ölkəsinin Ermənistana 800 mln. dollar həcmində silah-sursat verdiyini təsdiqləməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]



Xəbər lenti

Xəbər lenti