...

Azərbaycanın eks-prezidentlərinin statusu referendumdan sonra müzakirəyə çıxarılacaq

Siyasət Materials 22 Yanvar 2009 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın eks-prezidentlərinin statusu məsələsi hələ ki, gündəlikdə deyil və bu, referendumdan sonra müzakirəyə çıxarılacaq.

"Konstitusiyaya dəyişiklikdən sonra bu məsələ haqqında ciddi düşünmək olar", - cümə axşamı Trend -a hakim Yeni Azərbayan Partiyası (YAP) Siyası Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.

Trend -un arayışı: Azərbaycan parlamenti ötən ayın sonunda keçirilən iclasında Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı referendumun martın 18-də keçirilməsi barədə qərar qəbul edib.

Konstitusiyanın 29 maddəsinə dəyişiklik edilməsinə dair referendumun keçirilməsi barədə qərar verilib. Referendum üzrə hələ 11 təşəbbüs qrupu yaradılıb. Bunlardan dördü imza vərəqələrini MSK-ya təhvil verib.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər yalnız referendum vasitəsilə daxil edilə bilər (maddə 152). AR Konstitusiyasının mətninə dəyişikliklər Milli Məclis və ya prezident tərəfindən təklif edilirsə, o zaman təklif edilən dəyişikliklər üzrə əvvəlcədən AR Konstitusiya Məhkəməsinin qərarı alınmalıdır (maddə 153).

Mirzəzadənin sözlərinə görə, Azərbaycanın keçmiş prezidentlərinin statusunun müəyyənləşdirilməsi üçün xarici ölkələrin təcrübəsini və millət vəkillərinin fikirlərini öyrənməyə ehtiyac var: "Bundan sonra məsələ ilə bağlı xüsusi müzakirə də keçirilə bilər", - YAP funksioneri əlavə edib.

Eks-prezidentlər haqqında qanun layihəsinə gəldikdə, Mirzəzadə deyib ki, bunun  ayrı-ayrı deputatlar tərəfindən yox, Milli Məclis adından hazırlanması daha düzgün olardı.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Azərbaycanın müxalif partiyası isə artıq eks-prezidentlərin statusu haqqında qanun layihəsi hazırlayır.

"Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklər referendumda qəbul olunandan sonra eks-prezidentlər haqqında qanuna ehtiyac olacaq. Ona görə indidən belə bir layihə hazırlayıram", - cümə axşamı Trend -a Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

Onun sözlərinə görə, layihəni yaz sessiyasında Milli Məclisin Aparatına təqdim edəcək. "Əvvəllər prezident seçilmiş şəxslərin təminatı haqqında" layihədə prezident olan şəxslərin özlərinə, yaxud vəfat ediblərsə, ailələrinə dövlət tərəfindən təminat verilməsi prinsipləri nəzərdə tutulacaq", - Qəzənfəroğlu vurğulayıb.

BQP başqanı deyib ki, eks-prezidentlərin statusunun tanınması ideyasını həyata keçirmək üçün dövlətin imkanları və iradəsi olmalıdır.

Müxalifətyönlü Böyük Quruluş Partiyası 2004 - cü ildə yaradılıb, 2005 - ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın sədri Fazil Mustafa (Fazil Qəzənfəroğlu) Milli Məclisin deputatıdır. Partiya sədri bu il keçirilən prezident seçkisində namizəd olub və 2,4 faiz səs toplayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]



Xəbər lenti

Xəbər lenti