...

Azərbaycanda "dedovşina" faktı ilə bağlı iki şəxs məhkəmə zalında həbs edilib

Siyasət Materials 27 Yanvar 2009 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir S. Kazımlı / Bakı Hərbi Məhkəməsində bir müddət öncə orduda baş verən "dedovşina" faktları ilə bağlı təqsirləndirilərək həbs edilən şəxslərin cinayət işi üzrə hazırlıq iclası keçirilib. Hakim iclasda təqsirləndirilən digər iki şəxsin məhkəmə zalında həbs edilməsi haqda qərar çıxarıb.

Trend -un məlumatına görə, çərşənbə axşamı hakim Salman Hüseynovun sədrliyi ilə Ələt hospitalında müalicə alan əsgərlərə qarşı Nizamnamədən kənar hərəkətlərə yol verən "N" saylı hərbi hissələrin həbsdə olan əsgərləri Famil Qəniyevin, Cavid Yusubovun və digər üç şəxsin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Trend -un arayışı: Ötən ilin oktyabrında internetdə hərbi hissənin tibb məntəqəsində müalicə alan əsgərlərin "dembel"lər (hərbi xidmətinin başa çatmasına az qalmış əsgər) tərəfindən döydürüldüyü barədə görüntülər yayılıb.

Hadisənin ötən ilin fevral ayında Müdafiə Nazirliyinin Ələtdəki hərbi hospitalda baş verdiyi bildirilir.

Hazırlıq iclasında təqsirləndirilən şəxslər Azərbaycan Cinayət Məcəlləsinin iki və ya daha çox şəxs barəsində törədilməsi (332.2.2-ci) və bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi (332.2.3-cü) maddələri ilə təqsirli biliniblər.

Təqsirləndirilən şəxslər, onların vəkilləri, zərərçəkmişlər və dövlət ittihamçısı özləri haqda məhkəməyə məlumat verdikdən sonra məhkəməyə etirazları olmadıqlarını bildiriblər. Bundan sonra hakim müşavirə otağına gedib. Müşavirədən qayıdan hakim məhkəmə zalında təqsirləndirilən şəxs qismində iştirak edən Rahid Cəfərovun və Elxan Elməmmədovun məhkəmə zalında həbs edilməsi haqda qərarı elan edib və həmin şəxslər məhkəmə zalında həbs ediliblər.

Azərbaycan Cinayət Məcəlləsinə görə, qeyd olunan maddələrlə təqsirləndirilən şəxslərin təqsiri istintaqda və ya məhkəmədə sübuta yetirilərsə, həmin şəxslər üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti