...

Hərbi ekspertlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrin vahid hərbi kontingentinin yaradılmasının Azərbaycanın təhlükəsizliyinə ciddi təsir edəcəyinə inanmırlar

Siyasət Materials 4 Fevral 2009 13:22 (UTC +04:00)
Hərbi ekspertlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrin vahid hərbi kontingentinin yaradılmasının Azərbaycanın təhlükəsizliyinə ciddi təsir edəcəyinə inanmırlar

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir K.Zarbalıyeva, C.Babayeva/ Azərbaycanın hərbi ekspertləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrin vahid hərbi kontingentinin yaradılmasının Azərbaycanın təhlükəsizliyinə ciddi təsir edəcəyinə inanmırlar.

"Azərbaycan bu təşkilata üzv olmamaqda və birgə hərbi kontingentin yaradılması barədə müqaviləni imzalamamaqda düzgün mövqe tutur. Rusiya postovet məkanında öz hakimiyyətini bərqərar etmək üçün məqsədyönlü fəaliyyətini davam etdirir", - çərşənbə günü Trend -a müstəqil hərbi ekspert, Azərbaycan Silahlı Qüvvələrinə Demokratik Vətəndaş Nəzarəti İctimai Birliyinin sədri Ələkbər Məmmədov bildirib.

Trend -un arayışı: Moskvada bu gün KTMT-nin iştirakçı dövlətlərin xarici işlər nazirləri Şurasının müdafiə nazirləri Şurası və təşkilatın təhlükəsizlik şuralarının katibləri Komitəsinin iştirakı ilə iclası keçirilir. İclasın əsas müzakirə mövzusunu operativ reaksiyalı birgə kollektiv hərbi qüvvələrin yaradılması təşkil edir. Bununla bağlı Saziş hazırlanıb və çərşənbə günü sənədin imzalanması gözlənilir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yeddi dövlət - Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın hərbi-siyasi birliyidir. Təşkilat 1992-ci il mayın 15-də imzalanmış Kollektiv Təhlükəsizlik Müqaviləsi əsasında yaradılıb. 2002-ci il mayın 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi beynəlxalq təşkilata çevrilib. 2004-cü ilin dekabrin 2-də KTMT-ə BMT-nin Baş Assambleyasında müşahidəçi statusu verilib. Azərbaycan təşkilata üzv deyil.

Məmmədovun fikrincə, Rusiya Ermənistana hərbi sahədə hər zaman dəstək göstərib və bu, onun siyasətinin tərkib hissəsidir.

"Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı da məhz Rusiyanın dəstəyi hesabına mümkün olub. Azərbaycanın bu müqaviləni imzalayıb-imzalamamasından asılı olmayaraq, Rusiya Ermənistana qarşı mövqeyini heç zaman dəyişməyəcək", - Məmmədov əlavə edib.

Məmmədov deyib ki, Azərbaycan bu quruma daxil olarsa, Rusiya Azərbaycanda öz mövqelərini möhkəmələndirməyə çalışacaq.

Hərbi ekspert hesab edir ki, Azərbaycan hərbi sahədə Qərbə inteqrasiyasını davam etdirməli, NATO-ya üzv olmağa çalışmalı və Ermənistanla mübarizədə Qərbin dəstəyini qazanmalıdır.

"Əgər biz bu müqaviləni imzalasaq, Qərbin dəstəyin itirmiş olardıq", - deyə Məmmədov vurğulayıb.

Digər müstəqil hərbi ekspert Üzeyir Cəfərov isə Trend -a bildirib ki, KTMT-nin operativ reaksiyalı birgə kollektiv hərbi qüvvələrinin yaradılması gələcəkdə hansısa ciddi təhlükə yaratmayacaq.

"Azərbaycanın bu bloka qoşulmaması gələcəkdə hansısa ciddi təhlükələr yaratmayacaq. Rusiyanın Gürcüstana açıq müdaxiləsi şəklində Azərbaycana da müdaxilə edəcəyini düşünmürəm. Ağır nəticələr doğuracaq təhlükənin olacağı real görünmür", - deyə Cəfərov bildirib.

Hərbi ekspert Ermənistanın bu təşkilata üzvlüyünün hərbi texnika alınması zamanı hansısa güzəştlər əldə edəcəyi baxımından əlverişli olacağını düşünür.

Ekspert deyib ki, Azərbaycan son illərdə MDB məkanında hərbi sahədə gedən proseslərdə neytral mövqe tutmağa çalışır. Rusiya isə Azərbaycanı öz əhatə dairəsinə salmağa çalışır.

Cəfərov gələcəkdə Azərbaycanın KTMT-ya üzv olacağını da istisna etmir.

"Azərbaycan MDB daxilində hərbi sahədə baş verən prosesləri nəzarətdə saxlamalı və Azərbaycanın təhlükəsizliyi, ərazi bütövlüyü baxımından zərurət yarandığı zaman lazımi addımlar atmalıdır", - o deyib.

Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə Trend -a mövzu ilə bağlı şərh vermək istəmədiyini deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti