Azərbaycan, Bakı, 6 fevral/ Trend , müxbir Ç.Səttarov/ Cümə günü BMT-ini İnsan hüquqları Şurasında Azərbaycanda insan hüquqlarına dair öhdəliklərinin yerinə yetirilməsi məruzəsinə baxılmışdır, XİN-nin mətbuat xidməti məlumat yayıb.
Rəsmi mərüzə ilə Azərbaycanan nümayəndə heyyətinin başçısı, xarici işlər nazirinin müavini Xələf Xələfov çıxış etmişdir.
Xələfov milli məruzənin təqdim edilməsi zamanı çıxış edərək məruzənin hazırlanması ilə əlaqədar həyata keçirilmiş tədbirlər, ölkəmizdə insan hüquqlarının və əsas azadlıqlarının təmin olunması üçün yaradılmış hüquqi əsaslar, insan hüquqlarının və əsas azadlıqlarının təşviqinin möhkəmləndirilməsinə yönəldilmiş səylər barədə ətraflı məlumat vermiş.
Nazir müavini, 18 mart 2009-cu il tarixində keçiriləcək referendumun insan hüquqları və azadlıqlarının daha da möhkəmləndirilməsi və inkişafı baxımından əhəmiyyətini vurğulamışdır.
Nümayəndə heyətinin başçısı Azərbaycanda insan hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi mexanizmlərində iştirakı və bu sahədə çalışan beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.
Həmçinin çıxış zamanı nümayəndə heyətinin başçısı X.Xələfov qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə-hüquq, o cümlədən penitensiar sistemdə aparılan islahatlar və ölkəmizin iqtisadi nailiyyətləri barədə qeyd etmiş, eyni zamanda Heydər Əliyev Fondu tərəfindən sosial, təhsil, səhiyyə və mədəniyyət sahələrində həyata keçirilmiş proqram və layihələri vurğulamışdır, məlumatda deyilir.
Nümayəndə heyətinin başçısı Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən indiyədək keçən qısa müddət ərzində insan hüquqlarının təmin edilməsi sahəsində əldə olunmuş irəliləyiş və nailiyyətlərlə yanaşı Azərbaycanın qarşılaşdığı çətinliklər və problemlər barədə danışmışdır.
Çıxışda Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, onun ağır nəticələri barədə bildirilmişdir.
Keçirilmiş müzakirələrdə iştirak edən dövlətlərin nümayəndələri Azərbaycan Hökumətinin insan hüquqları və əsas azadlıqlarının təmin olunması istiqamətində əldə olunmuş nailiyyətləri və həyata keçirilən tədbirləri, bir sıra sahələrdə, xüsusilə də iqtisadi-sosial sahədə aparılan uğurlu islahatları yüksək qiymətləndirmişlər.
Müzakirələr interaktiv dialoq formasında davam etmişdir.
Səfər çərçivəsində Xələfov və BMT-nin İnsan hüquqları üzrə yeni seçilmiş Ali Komissarı Navanethem Pillay arasında görüş keçirilmişdir.
Görüş zamanı hər iki tərəf Azərbaycan Hökuməti ilə İnsan Hüquqları üzrə Ali Komissarlığın Ofisi arasında hazırkı əməkdaşlıq səviyyəsindən razılıqlarını bildirmiş, əməkdaşlığın istiqamətləri və gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparmışdır.
Səfər çərçivəsində xarici işlər nazirinin müavini Xələfov ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı c-b Antonio Guteres arasında görüş keçirilmişdir.
Görüş zamanı əməkdaşlıq istiqamətləri, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə beynəlxalq donorların cəlb olunmasında Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır, XİN-nin məlumatında deyilir.