...

Azərbaycanda İrandan qaçaqmalçılıq yolu ilə 50 kiloqramdan çox narkotik vasitənin daşınmasının qarşısı alınıb

Siyasət Materials 13 Fevral 2009 16:45 (UTC +04:00)
Azərbaycanda İrandan qaçaqmalçılıq yolu ilə 50 kiloqramdan çox narkotik vasitənin daşınmasının qarşısı alınıb

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir  K.Zərbalıyeva/ Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycana 50 kiloqramdan artıq həşişin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb, - MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzindən cümə günü Trend -a bildirilib.

2009-cu il fevralın 9-da Astara rayon sakinləri - Xosrov Nüsrətov, Elməddin Həmdəmov və Heydər Mədətov, habelə hazırda şəxsiyyəti araşdırılan İran İslam Respublikasının vətəndaşı və başqa şəxslər qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə gətiriblər.

Yuxarıda adları çəkilən şəxslər arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilən narkotik maddəni Elməddin Həmdəmov İran vətəndaşından alaraq Astara rayonunun Kijəbə kəndinə gətirib və burada Xosrov Nüsrətova təhvil verib.

Nüsrətov həmin narkotikləri Kijəbə kənd sakini Heydər Mədətovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşında Masallı rayonuna apararkən onlar Lənkəran şəhərində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıblar.

Keçirilən baxış zamanı avtomaşından 50 kiloqram 171,9 qram narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti