Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir C.Babayeva/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) sahib olduğu sosial baza və əldə etdiyi təcrübə ilə istənilən vaxt ciddi siyasi kampaniyalara hazır vəziyyətdə olduğunu bildirib.
"Partiyanın təşəbbüsü ilə yaradılan təşviqat qrupu qanunauyğun şəkildə, çevik fəaliyyət göstərir. Bu kampaniyaya partiyanın bütün resursları, təşkilati şəbəkəsi cəlb olunub. Partiya kampaniyanı uğurla həyata keçirmək gücündədir", - Trend -un məlumatına görə, Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova cümə günü hakim partiyanın rəsmi saytına müsahibəsində bildirib.
Trend -un arayışı: Təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start verəcəklər. Referendumla bağlı Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi təqvim planına əsasən, təbliğat kampaniyası martın 16-da saat 24:00-da başa çatdırılmalıdır.
Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək.
Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka", "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Cümhuriyyəti" və "Milli İstiqlal" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.
Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.
Muradovanın sözlərinə görə, təşviqat kampaniyası dövründə ciddi müzakirələrin gedəcəyini indidən demək mümkündür. "Referenduma çıxarılan məsələlərin lehinə və əleyhinə olan tərəflər təşviqat qrupları kimi qeydə alınıblar. Hesab edirəm ki, dəyişikliklərin edilməsi ilə bağlı tərəfdarların arqumentləri daha əsaslıdır. Referendum yüksək səviyyədə keçəcək və əhalinin əksəriyyəti əlavə və dəyişikliklərin lehinə səs verəcək", - hakim partiyanın İdarə Heyətinin üzvü bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]