Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir C.Babayeva/ "Azərbaycanın gənc müstəqil dövlət olmasına baxmayaraq, ölkə İslam ölkələri birliyinin möhkəmləndirilməsinə öz payını verməkdə davam edir", - Bakının 2009-cu il İslam mədəniyyətinin paytaxtı elan olunması mərasimində Azərbaycan prezidenti İlham Əliyev bildirib.
"Azərbaycan öz siyasəti və praktiki işləri ilə İslam ölkələrini yaxınlaşdırmağa çalışmalıdır, çünki İslam ölkələrinin buna ehtiyacı var", - İlham Əliyev qeyd edib.
Onun sözlərinə görə, İslam dövlətləri bütün istiqamətlərdə bir-birini dəstəkləməlidirlər. "Bu ölkələrin beynəlxalq arenadaki birliyi dünyadakı sülh və təhlükəsizlik üçün vacibdir", - prezident bildirib.
"Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində tarixi abidələr, məscidlər, muzeylər dağıdılır. Azərbaycan bu ərazilərdə mədəni və tarixi abidələrini qoruya bilmir. İşğal olunmuş ərazilərdə tarixi abidələrin dağıdılması faktını beynəlxalq müşahidəçilər də qeyd edir. Şübhəsiz, torpaqlarımızın azada olunmasından sonra Azərbaycan dağıdılmış tarixi, mədəni abidələrini bərpa edəcək. Ancaq bunun üçün Dağlıq-Qarabağ münaqişəsi həll olunmalı və Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir", - İlham Əliyev bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.
"İSESKO Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində tarixi abidələri dağıtması faktını pisləyir", - təşkilatın Baş katibi Əbduləziz bin Osmana əl-Tüveycri mərasimdə bildirib. O, beynəlxalq ictimaiyyəti bu dağıntıların qarşısını almağa çağırıb.
"İslam qardaşlıq və tolerantlıq dinidir və olduğu kimi də təqdim olunmalıdır", - İlham Əliyev bildirib. "İlsam dünyası böyük mədəni irsə malikdir", - dövlət başçısı əlavə edib.
Bakı 2009-cu il İslam mədəniyyətinin paytaxtı elan olunub.
Bu haqda qərar 2007-ci ilin noyabrında, Tripolidə İslam Konfransı Təşkilatı (İKT) üzv ölkələrinin mədəniyyət nazirlərinin V konfransında qəbul olunub.
Bakının rəsmən 2009-cu il İslam mədəniyyətinin paytaxtı elan edilməsi mərasimi çərşənbə günü Heydər Əliyev adına sarayda keçirilir.
Mərasimdə İSESKO-nun Baş katibi Əbduləziz bin Osmana əl-Tüveycri, islam ölkələrini təmsil edən dörd nazir və nazir müavini, beynəlxalq təşkilatların, Avropa mədəniyyəti paytaxtlarının, Linz və Bakının qardaş şəhəri Hyustonun nümayəndələri iştirak edirlər.
"Burada olduğum üçün çox xoşbəxtəm. Biz məhz Bakının İslam mədəniyyətinin paytaxtı seçilməsinə sevinirik. Bununla əlaqədar sizin şəhərin sakinlərini təbrik edirəm", - Trend -a əl-Tüveycri deyib.
Çərşənbə günü həmçinin tədbirə həsr olunmuş veb-saytın təqdimatı da planlaşdırılır. Saat 16.00-da Muzey mərkəzində "Bakı" adlı fotosərgi açılacaq. Sərgidə həm azərbaycanlı, həm də əcnəbi fotoqrafların işləri nümayiş etdiriləcək.
Geniş tamaşaçı auditoriyasına Azərbaycanın tarixi və mədəniyyəti haqqında sənədli film təqdim olunacaq. Çərşənbə günü Nizami Gəncəvi adına Ədəbiyyat Muzaeyi və Abdulla Şaiq adına Kukla Teatrının qarşısında konsert təşkil ediləcək.
Çərşənbə günü, Bakı vaxtı ilə saat 21.00-da atəşfəşanlıq olacaq. Cümə gününə qədər bütün Azərbaycan muzeylərində "açıq qapı" günləri keçiriləcək.
Ümumilikdə, Bakının mədəniyyət ili çərçivəsində milli və beynəlxalq səviyyədə 100-dən çox tədbirin həyata keçirilməsi nəzərdə tutulub.
Tədbirin loqotipi və bayrağı azərbaycanlı rəssam və dizayner tərəfindən hazırlanıb. Loqoda Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi və ölkənin diqqətəlayiq abidələrindən olan Azərbaycan xalçası və Qız qalası təsvir olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]