...

Xocalı soyqırımının ildönümü ilə bağlı Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Siyasət Materials 25 Fevral 2009 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir K.Zərbalıyeva /

Xocalı soyqırımının 17-ci ildönümü münasibətilə fevralın 26-da Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov çərşənbə günü Trend -a bildirib ki, Xocalı soyqırımının 17-ci ildönümü münasibətilə Xətai rayonu ərazisindəki "Ana fəryadı" abidəsinin qarşısında keçiriləcək tədbirlə əlaqədar Xocalı prospekti istiqamətində Yusif Səfərov və Nəcəfqulu Rəfiyev və digər küçə və yollarda bütün avtomobillərin hərəkətinə qadağa qoyulacaq.

Tədbir başlayandan yekunlaşanadək avtomobillər bu ətrafdakı yardımçı yollardan istifadə etməlidir.

Trend -un arayışı: 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan, Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı.

Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti