...

Azərbaycan prezidenti Müdafiə Sənayesi Nazirliyinin "Radioquraşdırma" zavodunun açılışında iştirak edib

Siyasət Materials 16 Mart 2009 15:11 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Müdafiə Sənayesi Nazirliyinin "Cihaz" İstehsalat Birliyinin əsaslı yenidənqurmadan sonra istifadəyə verilən "Radioquraşdırma" zavodunun açılışında iştirak edib, AzərTAc dövlət agentliyi məlumat yayıb.

Prezident İlham Əliyev əvvəlcə ulu öndər Heydər Əliyevin müəssisənin həyətindəki büstü önünə gül dəstəsi qoyub.

Dövlətimizin başçısı zavodun açılışını bildirən lenti kəsib və müəssisə ilə tanış olub.

Azərbaycan prezidenti, Ali baş komandan bu sahənin inkişafına xüsusi diqqət yetirir və qısa müddətdə ölkənin müdafiə sənayesinin formalaşdırılması üçün mühüm tədbirlər həyata keçirilib. Nazirliyin tabeliyindəki müəssisələrdə 16 istehsal sahəsi istifadəyə verilib, ən müasir tələblərə cavab verən müdafiə təyinatlı məhsulların kütləvi istehsalına başlanıb. Dövlət başçısının tapşırıqlarına əsasən, 2009-cu il üçün investisiya proqramı çərçivəsində 17 obyekt üzrə tikinti və yenidənqurma işlərinə başlanması nəzərdə tutulub.

Dövlət müdafiə sifarişi proqramına əsasən, 2007-ci ildə 213 adda, 2008-ci ildə isə 300 adda müdafiə təyinatlı məhsul və onların ehtiyat hissələri istehsal edilərək güc strukturlarına təhvil verilib. Atıcı silahların, yaxın məsafəli döyüş vasitələrinin, artilleriya silahlarının kiçik seriyalarla istehsalı da mənimsənilib.

Bundan başqa, böyük miqdarda müxtəlif çaplı döyüş sursatları istehsal edilərək sifarişçilərə çatdırılıb. Ötən il sifarişçilərə təhvil verilən müdafiə təyinatlı məhsulların həcmi 2005-ci illə müqayisədə 6,1 dəfə artıb. Cari ildə isə 435 adda müdafiə təyinatlı məhsulların və onların ehtiyat hissələrinin istehsalı nəzərdə tutulub. Bunlardan ən müasir tipli zirehli transportyorların yığımını, müxtəlif növ tank əleyhinə minaları, optik nişangahları, aviasiya təlim bombalarını və s. göstərmək olar. İndiyədək Almaniya, ABŞ, İsveçrə, Avstriya, İtaliya, Ukrayna, Türkiyə, Çin, Rusiya, Belarus, Koreya Respublikası və digər ölkələrdən 163 dəzgah və texnoloji avadanlıq, 5000-dən çox isə müxtəlif növ alətlər alınıb. Daha 7 növ müdafiə təyinatlı məhsul istehsalı sahəsinin yaradılması üçün texnoloji avadanlığın alınaraq quraşdırılması 2009-cu ildə başa çatdırılacaq.

Prezident İlham Əliyevə məlumat verilib ki, Azərbaycanda radio sənayesinin ilk müəssisəsi olan Bakı radio zavodu 1947-ci ildə Yеrli Sənаyе Nаzirliyinin tаbеliyində yaradılıb. Müxtəlif vaxtlarda burada "Bakı-48", "Araz" radioqbulediciləri, "Araz-M", "Bakı-58" radioları, "KVN", "Rekord-12", "Aelita", "Qranit" televizorları, "Xəzər" tranzistoru (xarici ölkələrə də göndərilirdi), universal hesablayan elektron maşınları (HEM) istehsal olunub. 1980-ci ildən zavodda SSRİ Rаdiоsənаyеsi Nаzirliyinin müəssisələrində buraxılan müxtəlif növ HEM-lərin elektron avadanlıqlarının istehsalına başlanıb.

1984-cü ildə müəssisə "Robot" zavodu ilə birləşdirilərək, "Radioquraşdırma" Bakı İstehsalat Birliyi adlandırılıb. 1991-ci ildən rеspublikа Nаzirlər Kаbinеtinin, 1993-cü ilin аvqustundan Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tаbеliyində olub. 2006-cı ildən zаvоd Müdаfiə Sənаyеsi Nаzirliyinin tаbеliyindədir.

Prezident İlham Əliyev zavodun əvvəlki vəziyyətini əks etdirən kadrlara baxıb. İstehsal prosesini izləyən prezident müəssisənin buraxdığı məhsulların sərgisinə baxıb. Burada "Radioqurşadırma" zavodunun xarici ölkələrin nüfuzlu şirkətləri ilə birgə istehsal etdiyi məhsullar da nümayiş olunub.
"Radioquraşdırma" zavodunda, ümumilikdə, 26 adda məhsul buraxılır. İllik istehsalın həcmi 10 milyon manatı ötüb.

Məhsullar ölkənin güc strukturlarında istifadə edilir və ən yüksək taktiki-texniki xüsusiyyətlərə malikdir. Mülki və ikitəyinatlı məhsulların da istehsalı diqqət mərkəzində saxlanılır və artıq rəqabətədavamlı, xarici ölkələrə ixrac oluna bilən məhsulların seriyalı istehsalına başlanmışdır.

Hazırda 350 nəfərin işlə təmin olunduğu müəssisəyə bacarıqlı mütəxəssislər cəlb edilmişdir.
Ümumi sahəsi 1800 kvadratmetr olan inzibati bina da əsaslı təmir olunmuş, 250 nəfərlik akt salonunda müxtəlif tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılmışdır.

Prezident İlham Əliyev müəssisədə tanış olduqlarından razılığını bildirib və əlavə tapşırıqlarını verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti