...

ATƏT Abxaziyanın faktiki hakimiyyətini ərazidə yaşayan gürcülərin hüquqlarını pozmamağa çağırır

Siyasət Materials 14 Aprel 2009 15:31 (UTC +04:00)
ATƏT Abxaziyanın faktiki hakimiyyətini ərazidə yaşayan gürcülərin hüquqlarını pozmamağa çağırır

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir Y.Ostapenko /

ATƏT Abxaziyanın faktiki hakimiyyətini mövqeyini möhkəmləndirərkən bu ərazidə yaşayan gürcülərin hüquqlarını pozmamağa çağırır. Təşkilatın press-relizində deyilir.

"Abxaziyanın faktiki hakimiyyətinin abxaz dominantlığını və dilini möhkəmləndirmək istəyini alqışlayaraq bildirmək istəyirəm ki, bütün bunlar ərazidə yaşayan digər etnik icmaların hüquqları tapdanmadan, onların dilinin və mədəniyyətlərinin qorunması şərtilə olmalıdır", - ATƏT-in milli azlıqlar üzrə Ali Komissarı Knut Vollebek deyib. 

Vollebek münaqişələrin qarşısının alınması üzrə mandatına uyğun olaraq, Abxaziyanın faktiki hakimiyyətini Qalsk rayonunda gürcülərə edilən təzyiqlərə son qoymağa çağırıb. Onun sözlərinə əsasən, sözügedən ərazidə yaşayan gürcülərin təhsil hüququna məhdudiyyətlər qoyulub. Vollebek əlavə edib ki, gürcülər ərazidə passport qeydiyyatından keçməyə məcbur edilirlər, məcburi surətdə Abxaziya silahlı qüvvələrində xidmətə çağırılırlar və sərbəst hərəkət etmələrinə məhdudiyyətlər qoyulur.

Vollebek Abxaziya faktiki hakimiyyətinin administrativ sərhədləri bağlamaq qərarına təəssüfləndiyini bildirib. Onun sözlərinə əsasən, belə olduqda əhali qohumlarla əlaqələrində, tibbi xidmətdən istifadədə və şəxsi məhsullarını satmaqda çətinlik çəkir.

"Bu tip beynəlxalq normaları pozan məcburi metodların ərazidə onsuz da həssas olan etniklərarası münasibətlərə daha da mənfi təsir göstərəcəyindən narahatam", - Vollebek qeyd edib.

Vollebek deyib ki, beynəlxalq normalar hətta beynəlxalq ictimaiyyətin qəbul etmədiyi hakimiyyət strukturlarından belə istənilən etnik icma nümayəndələrinin hüquqlarına hörmətlə yanaşmağı tələb edir.

"Eləcə də Abxaziyanın faktiki hakimiyyətini ərazidə yaşayan gürcülərin təhsil hüquqlarına hörmətlə yanaşmağa çağırıram", - Vollebek bildirib.

Avqust hadisələrindən sonra yüzlərlə gürcü ailəsi Abxaziya və Cənubi Osetiyanı tərk edərək Gürcüstanda məskunlaşıb.

Gürcüstanda ərazi münaqişəsi ölkənin Abxaziya və Cənubi Osetiya regionlarının respublikadan ayrılmaq qərarı ilə bağlıdır. Beş gün sürən hərbi əməliyyatlar avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasının ərazisində başlanıb və Gürcüstan qoşunları Tsxinvaliyə daxil olublar. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyaraq, onlarla diplomatik əlaqə qurub. Buna cavab olaraq Tbilisi Moskva ilə diplomatik əlaqələri kəsərək, tanınmamış respublikaları işğal olunmuş ərazilər elan edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti