...

Azərbaycan və Türkiyə deputatları beynəlxalq məsələlərdə bir mövqedən çıxış edəcəklərinə dair bəyanat qəbul ediblər

Siyasət Materials 15 Aprel 2009 18:13 (UTC +04:00)
Azərbaycan və Türkiyə deputatları beynəlxalq məsələlərdə bir mövqedən çıxış edəcəklərinə dair bəyanat qəbul ediblər

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycan və Türkiyə deputatları beynəlxalq məsələlərdə bir mövqedən çıxış edəcəklər.

Bakıda çərşənbə günü Azərbaycan və Türkiyə parlamentləri deputatlarının birgə iştirakı ilə keçirilən forumun sonunda iki ölkənin qardaş münasibətlərinə xələl gətirən fəaliyyətə qarşı birgə mübarizəyə dair bəyanat qəbul edilib.

Trend -un arayışı: Bu gün Azərbaycan Milli Məclisində (Parlament) "Azərbaycan-Türkiyə: ümumi maraqlar və problemlər" forumu keçirilir. Görüşdə Türkiyə parlamentindən Cümhuriyyət Xalq Partiyasını təmsil edən Şükrü Elekdağ, Yılmaz Ateş, Şahin Mendu, Milliyyətçi Hərəkat Partiyasından Atilla Qaya, Turan Çirkin, Bulend Didin və müstəqil deputat Məhəmməd Azəri iştirak edirlər.

Türkiyə və Ermənistan hələ 1993-cü ildən korlanan münasibətləri normallaşdırmağa çalışır. Buna səbəb Ermənistanın beynəlxalq arenada "erməni soyqrımı"nın tanınması ilə bağlı apardığı antitürk kampaniyası, həmçinin Azərbaycan torpaqlarının 20 faizinin onun tərəfindən işğal olunmasıdır.

Türkiyə Prezidenti Abdulla Gül Ermənistan Prezidenti Serj Sarkisyanın, ötən il sentyabrın 6-da futbol üzrə Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistan-Türkiyə oyununu seyr etməyə dair Yerevana dəvətini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində ditplomatik səylər davam etdirilir.

"İki ölkə arasındakı qardaşlıq münasibətlərini heç bir qüvvə və hadisə sarsıda bilməz. Hər iki dövlətin xalqları ortaq tarixdən ortaq gələcəyə doğru inamla addımlayacaqlar", - Trend -un məlumatına görə, çərşənbə günü Azərbaycan Parlamentində türkiyəli deputatların iştirakı ilə keçirilən "Azərbaycan-Türkiyə: ümumi maraqlar və problemlər" forumunun bəyanatında deyilir.

Bəyanat müəllifləri Türkiyə və Azərbaycanın bundan sonra Dağlıq Qarabağ, qondarma "erməni soyqırımı", PKK terroru, Şimali Kipr kimi məsələlərdə ortaq mövqedən çıxış etməsinin məqsədəuyğunluğunu vacib sayır.

"Bəzi qüvvələrin Türkiyə-Azərbaycan münasibətlərinin səmimiliyinə kölgə salınmasına yönələn fəaliyyətə qarşı prinsipial və ortaq mövqe nümayiş etdirməyi zəruridir. Eyni zamanda qarşıya çıxan problemlərin həllində hər iki dövlətin səlahiyyətli orqanlarının, siyasi partiyalarının, QHT-lərin, ziyalıların davamlı məsləhətləşmələr aparılmasını, birgə tədbirlərin keçirilməsini faydalı hesab edirik", - bəyanatda deyilir.

Trend -un arayışı: Türkiyə və Azərbaycan ictimaiyyətinin ciddi narazılığından sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ötən həftə jurnalistlərə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca Ermənistanla sərhədlər açılmayacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti